AzadlıqRadiosunun Rusiyada həbs olunmuş jurnalistinin əri onu siyasi məhbus sayır

Pavel Butorin və Alsu Kurmaşeva

Rusiyada həbs olunmuş ABŞ jurnalisti Alsu Kurmaşevanın həyat yoldaşı onun siyasi məhbus olduğunu deyir, Birləşmiş Ştatları çağırır ki, Kurmaşevanı "qanunsuz saxlananlar" kateqoriyasına salsın, çünki o, Rusiyada xarici agent kimi qeydiyyatdan keçmədiyinə görə həbs olunub.

Həyat yoldaşı kimi, ABŞ vətəndaşlığı olan və Azad Avropa/Azadlıq Radiolarının Praqa ofisində çalışan Pavel Butorin Kurmaşevanın həbsindən sonra ilk dəfə açıqlama verib. Kurmaşevanı Rusiyanın təhlükəsizlik qüvvələri oktyabrın 18-də saxlayıb. Jurnalist təqsirli bilinərsə, 5 ilədək məhkum oluna bilər.

"Qanunsuz saxlananlar" kateqoriyası

Butorin deyir ki, Rusiya hakimiyyəti onun həyat yoldaşının hüquqlarını pozaraq konsulluq xidmətinə çıxışını təmin etməyib.

"Aldığımız dəstəyə görə çox minnətdarıq, amma indi bizə gərəkən odur ki, Alsu qanunsuz həbs olunanlar siyahısına salınsın. Bu, çox vacib təsnifatdır, bunu ABŞ hökuməti və Dövlət Departamenti müəyyənləşdirir və əminik ki, bu təsnifat onun azadlığa buraxılmasını sürətləndirər", – Butorin deyib. O, AzadlıqRadiosunun "Amerikanın Səsi" ilə birgə rusdilli layihəsi olan "Current Time"a rəhbərlik edir.

Buna da bax: Məhkəmə AzadlıqRadiosu jurnalistini həbsdə saxladı

Kurmaşeva AzadlıqRadiosunun tatar-başqırd xidmətində 25 il işləyib. O, mayın ortasında ailə vəziyyəti ilə əlaqədar Praqadan doğma Tatarıstana gedib.

Alsu iyunun 2-də Kazan aeroportunda geri uçuşunu gözləyərkən müvəqqəti saxlanılıb, pasportları və telefonu müsadirə olunub.

Kurmaşeva beş ay qərarı gözləyib, ABŞ pasportunu Rusiyada qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl (103 dollar) cərimələnib. Butorin bunu "gülünc iş" adlandırır.

Pasportlarının qaytarılmasını gözləyən Kurmaşeva oktyabrın 18-də saxlanılıb, xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham olunub.

Xarici agent qanunu – cəza vasitəsi

Rusiya 2012-ci ildən bəri xarici agent qanunlarından hökumətin tənqidçilərinə damğa vuraraq cəzalandırmaq üçün istifadə edir.

Rusiya Ukraynanı işğal etməyə başlayandan bu qanundan vətəndaş cəmiyyəti və media qruplarını bağlamaq üçün yararlanırlar.

Buna da bax: Ağ Ev Rusiyada ABŞ jurnalistinin həbs olunmasını pisləyir

Həm də Rusiya vətəndaşlığı olan Kurmaşeva həbs olunandan ailəsi ilə əlaqə saxlamayıb.

Kurmaşeva Rusiyada saxlanan ikinci ABŞ jurnalistidir. "The Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) bu ilin martında casusluq ittihamı ilə saxlanıb.

AzadlıqRadiosunun prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) Kurmaşevaya qarşı ittihamları rədd edib, onun peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib.

"Amnesty International", BMT-nin İnsan Haqları Ofisi, Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri də jurnalistin dərhal azad olunmasına çağırıblar.