Rusiyada nüfuzlu Kommersant qəzeti iddia edir ki, Rusiya və Belarusun iqtisadi inteqrasiyasına dair proqramla tanış ola bilib.
Qəzetin yazdığına görə söhbət iki ölkənin baş nazirləri arasında sentyabrın 6-da razılaşdırılmış plandan gedir.
Məqalədə deyilir ki, bu proqramda faktiki olaraq 2022-ci ilədək konfederativ dövlətin yaradılmasından bəhs olunur.
Bu proqram rəsmi qaydada dərc edilməyib və ona nə Rusiya, nə Belarus tərəfi şərh verib.
Kommersant yazır ki, hələlik yalnız hökumət başçıları arasında razılaşdırılmış sənəd (prezidentlər bu proqramı dekabrda müzakirə etməlidirlər) “kifayət qədər radikaldır”, amma burada “konkretlik azdır”.
Məqalədə deyilir ki, 2019-cu ilin 1 noyabrınadək tərəflər iki ölkənin iqtisadiyyatlarının birləşdirilməsinin “yol xəritəsini” təqdim etməlidirlər.
Bundan sonra 2020-ci ilin sonuna doğru bu inteqrasiyanın hüquqi sənədləri hazırlanmalıdır.
Buna da bax: Lukashenka ABŞ-la münasibətlərin ‘yeni fəslinə’ ümid edir
Nazirliklərin “birləşmiş rejimdə” işləməsinə 2021-ci ilin yanvarından başlanmalıdır.
Bu proqrama əsasən Belarus və Rusiyanın vergi sistemləri birləşdiriləcək.
Kommersant yazır ki, gömrük sistemlərinin faktiki olaraq tam birləşdirilməsindən söhbət gedir.
Bundan başqa sözü gedən planda neft, qaz, neft emalı məhsulları və elektrik enerjisi sahəsində vahid siyasətin yürüdülməsi nəzərdə tutulur.
Sənəddə xalq təsərrüfatı sahələrinin interqrasiyasından geniş söhbət açılır.
Məsələn 2020-ci ilin 1 iyunundan rouminq ödənişlərinin ləğvi nəzərdə tutulub.
Lakin Kommersant yazır ki, bütün bunlara baxmayaraq 2022-ci ilədək vahid dövlətin təşəkkül tapacağını demək olmaz.
Üstəlik məqalədə deyilir ki, bu, ümumiyyətlə mümkün olmaya bilər.
Sənəddə silahlı qüvvələrin birləşdirilməsindən, vahid polis sistemindən və xarici siyasətdən ümumiyyətlə söz açılmır.
Buna da bax: Putin Lukashenka ilə ‘daha dərin inteqrasiyanı’ müzakirə edib
Belarus prezidenti Alyaksandr Lukashenka-nın mətbuat katibi Nataliya Eysmont Kommersantda dərc edilmiş sənədə şərh verib.
O deyib ki, bu Kommersant-ın işlətdiyi dəbdəbəli “konfederasiya”, “federasiya” kimi terminlər jurnalistlərin “ştamplarından” başqa bir şey deyil, çünki inteqrasiya prosesinin əsasında Rusiya və Belarusun suverenliyini dayanacaq:
"Bu müqəddəs məsələdir! Hər bir ölkənin müstəqillik və suverenlyi qırmızı xətlərdir. İnteqrasiya proseslərində biz iqtisadi baxımdan sərfəli olan addımları atırıq. Heç bir vahid orqan yaradılmayacaq. Ölkələr buna hazır deyillər”.
Bu arada belaruslar Rusiya ilə İttifaq Dövləti yaradılmasına dair müqavilənin ləğvini tələb edən petisiya hazırlayıb. Petisiya artıq minlərlə insan tərəfindən imzalanıb.