'Əbədi məşəl'i söndürən əcnəbi uşaqları Rusiyadan deportasiya edəcəklər

Sönən "əbədi məşəl".

Polis dekabrın 10-da Sankt-Peterburqda "Əbədi məşəl" abidəsini qarla söndürən üç uşağın kimliyini müəyyənləşdirib. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) regional idarəsi sosial şəbəkələrdə məlumat yayıb.

"Fontanka"nın dərc etdiyi videoda bir yeniyetmə "əbədi məşəl"ə qar topası atır, iki digər uşaq isə onu alqışlayır. Məşəl sönən kimi uşaqlar qaçırlar.

Polis uşaqlardan ikisinin 10 və 14 yaşlarında qardaş, üçüncünün 12 yaşında olduğunu müəyyənləşdirib. Uşaqların və valideynlərinin yaxın xarici ölkələrin birindən olduğu qeyd edilir. "Fontanka" və "Baza" Telegram kanalı yeniyetmələrin ailələrinin Rusiyaya Özbəkistandan gəldiyini yazır.

DİN bildirir ki, bu uşaqların ailələri Rusiya ərazisində miqrasiya qanunvericiliyini pozaraq qalıblar. Buna görə də polis onların ölkədən çıxarılması üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn dekabrın 11-də özünün Telegram kanalında 10 və 14 yaşlarında iki məktəblinin saxlandığını yazıb.

Rusiyanın müxtəlif şəhərlərində polis "əbədi məşəl"ə qarşı hər hansı hərəkət edənləri saxlayır. Adətən onlara qarşı inzibati pozuntularla bağlı protokollar tərtib olunur. Bəzən isə cinayət işi açılır, dəfn yerlərinin təhqir olunması, yaxud nasizmin reabilitasiyası maddələri ilə ittihamlar irəli sürülür.