Rusiyanın "Mir" ödəniş sisteminin kartları "VTB Ermənistan" bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) infrastrukturu istisna, bu il martın 30-dan Ermənistanda əksər bankların bankomat və POS-terminallarında işləməyəcək.
Bu barədə RBK-ya "VTB Ermənistan"nın nümayəndəsi məlumat verib: "İstifadəçilər POS-terminallarda nağdsız ödənişlər edə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, VTB (Ermənistan) kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək".
2024-cü ilin fevralında ABŞ Rusiyanın Milli Ödəniş Kart Sistemi (NSPK) operatoruna qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin tətbiqinədək "Mir" kartları Ermənistandan başqa Qazaxıstan, Belarus, Venesuela, Vyetnam, Abxaziya (Gürcüstan), Cənubi Osetiya (Gürcüstan), Qırğızıstan, Tacikistan və Kubada işləyirdi. Bundan əvvəl, "Sberbank"ın Qazaxıstanda keçmiş törəmə şirkəti olan "Bereke Bank" "Mir" kartları ilə işi dayandırdığını bildirmişdi.
NSPK Rusiyada 2014-cü ildə bu ölkənin Krımı (Ukrayna) ilhaq etməsi ilə əlaqədar sanksiyaların tətbiqindən sonra beynəlxalq ödəniş sistemlərinin kartlarının bağlanması ehtimalına qarşı yaradılıb. Şirkətin 100 faizi Rusiya Bankına məxsusdur. İlk "Mir" kartları 2015-ci ildə buraxılıb. 2022-ci ilin martında "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri Rusiyanı tərk etdikdən və onların kartları bu ölkədən xaricdə işini dayandırdıqdan sonra "Mir" nağdsız ödənişlər üçün alternativ oldu. Bununla belə, bu kartların qəbulu şəbəkəsi beynəlxalq ödəniş sistemlərinin kartları ilə müqayisədə qat-qat məhduddur. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin sonunda bu ölkənin bankları 287.3 milyon "Mir" kartı buraxıb.