Rusiya Google şirkətini ikinci dəfə cərimələyib

Rusiyanın dövlət media gözətçisi – Roskomnadzor Google şirkətini internetin filtrlənməsinə dair Rusiyanın sərt qanunlarına əməl etmədiyinə görə cərimələyib.

Roskomnadzor iyulun 18-də bildirib ki, Google qanunlara əməl etmədiyinə görə 700 min rubl (11 min dollar) məbləğində cərimələnib.

Agentliyin məlumatına görə ABŞ-da mənzillənmiş internet nəhəngi Roskomnadzorun “qara siyahısında” olan saytların filtrlənməsini həyata keçirməyib, bu isə Rusiyanın 2018-ci ildə qəbul etdiyi qanuna ziddir.

Bu qanun Google-dan Rusiyada qadağan edilmiş materiallara hiperlinklərin bloklanmasını tələb edir.

Lakin məsələ burasındadır ki, Google sözü gedən qara siyahının olduğu informasiya şəbəkəsinə qoşulmaqdan imtina edib.

Cərimələnəcəyi barədə Google-a hələ ötən may ayından xəbərdarlıq etmiş Roskomnadzor bildirib ki, şirkət hələ də Rusiyada qadağan edilmiş saytların üçdə birinə giriş verir.

Buna da bax: Rusiya hökuməti Yandex-dən şifrə açarlarını tələb edir

Sözü gedən qanun qəbul ediləndən bəri Google ikinci dəfədir ki, cərimələnir.

Bundan əvvəl, ötən dekabrda Rusiya Google şirkətini 8 min dollar cərimə etmişdi.

Moskva daha sərt internet qanunlarını Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən və buna görə də sanksiyalarla üzləşəndən sonra qəbul edib.

Rusiya qanunları axtarış mühərriklərindən bəzi axtarış nəticələrinin silinməsini, mesajlaşma xidmətlərindən məxfi şifrələrrin verilməsini və sosial media platformalarından Rusiya istifadəçilərinə aid məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edir.