Rusiyada rekord hərbi xərcləri olan büdcə qəbul edilib

Dövlət Duması (Arxiv fotosu)

Rusiya Dövlət Duması noyabrın 17-də üçüncü və sonuncu oxunuşda 2024-cü il, habelə 2025-2026-cı plan illəri üçün federal büdcə layihəsini qəbul edib.

Qanuna görə 2024-cü ildə Rusiya büdcəsinin gəlirləri 35 trilyon (390 milyard dollar), 2025-ci ildə 33.5 trilyon və 2026-cı ildə 34.1 trilyon rubl təşkil edəcək.

Bu büdcədə Rusiya tarixində rekord hərbi xərclər nəzərdə tutulub.

Qanunun preambulasında deyilir ki, 2024-cü ildə "milli müdafiəyə" dövlət büdcəsinin 29.4 faizi - 10.8 trilyon rubl xərclənəcək.

Büdcənin bu bəndində təkcə ordu deyil, həm də hərbi sənaye xərcləri, habelə hərbi əməliyyat iştirakçıları üçün sosial ödənişlər əks olunub.

Bu da qeyd olunmalıdır ki, 2023-cü ilin büdcəsində hərbi xərclər yalnız 6.4 trilyon rubl civarında nəzərdə tutulmuşdu. Beləliklə burada söhbət 1.5 dəfə artımdan gedir.

Buna da bax: Estoniya və Norveç də Rusiya ilə sərhədi bağlaya bilər

Dünyada ən yüksək göstəricilərdən biri

Ümumilikdə hərbi xərclər Rusiya ÜDM-nin 6 faizini təşkil edəcək. Bu, dünyada ən yüksək göstəricilərdən biridir.

RBK agentliyi bildirir ki, yeni büdcədə "sosial siyasətə" 21.1 faiz və ya 7.7 trilyon rubl ayrılır.

Xəbərdə deyilir ki, büdcə müzakirəsinin noyabrın 15-də keçirilmiş 2-ci oxunuşunda 920 düzəliş təklif olunmuş, onlardan 768-i qəbul edilmişdi.

Məhz bu düzəlişlər nəticəsində sosial proqramlara xərclər bir qədər artırılıb.

İkinci oxunuşda büdcəyə habelə hərbçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının indeksasiyası üçün də vəsaitlər əlavə olunub.