'İran Rusiyaya ən yeni aviabombalar göndərib'

"Mühacir-6"

İran Ukraynaya hücumlar üçün ilk dəfə Rusiyaya ən son idarəolunan aviabombalar verib.

"Bild" nəşri hərbi analitik Yulian Röpkeyə istinadən belə yazır.

Mayın 25-də Kursk vilayətində "Mühacir-6" dronunun düşməsi ilə bağlı videonu təhlil edən Röpkenin sözlərinə görə, pilotsuz aparat İranın ən son "Qaem-5" idarəolunan bombalarını daşıyırdı.

Onun ehtimallına görə, bu dron Sum vilayətinin ərazisinə hücum etməli idi, lakin naməlum səbəblərdən hədəfə çata bilməyib və düşüb.

BBC-nin rus xidməti yazır ki, Kurska düşən sursat zahiri görkəminə görə İranın "Mühacir-6" və "Hamaseh" ağır dronlarının daşıya bildiyi kiçik diametrli idarəolunan "Qaem-5" aviabombasına çox bənzəyir.

İran hərbi mühəndislərinın hazırladığı və 2019-cu ildə bu ölkənin silahlanmaya qəbul etdiyi "Qaem-5" bombası telekamera ilə tuşlana, müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilir. Sursatın uçuş məsafəsi 40 km-ə qədərdir.

"The Washington Post" yazır ki, Rusiya qoşunları 2022-ci ilin avqustundan Ukraynadakı müharibədə "Mühacir-6" dronlarından istifadə etməyə başlayıb, lakin silahsız. Röpkenin sözlərinə görə, "Qaem-5" bombalarından istifadə İran və Rusiya arasında hərbi əməkdaşlığın yeni səviyyəsinə işarə sayıla bilər.