Rusiyanın 4 raketinin İrana düşdüyü bildirilir

Foto arxiv

Oktyabrın 7-də Rusiyanın Xəzərdən Suriyaya buraxdığı 26 qanadlı raketdən bir neçəsinin İrana düşməsi barədə məlumatlar dolaşır.

Yerli mətbuatın məlumatına görə, sakinlər həmin vaxt İran üzərindən uçan naməlum obyektlər görüb və partlayış səsləri eşidiblər.

Amma Tehran bu raketlərdən bir neçəsinin uğursuz olması və İran ərazisinə düşməsi ilə bağlı ABŞ-ın məlumatına hələ ki, dəqiq münasibət bildirməyib.

Yerli mətbuatda İranın bir neçə şəhərində partlayışlar olması və uçan obyektlər görünməsi barədə məlumatlar dolaşır.

ABŞ-ın müdafiə naziri Ash Carter də oktyabrın 9-da bu raketlərdən azı 4-nün İran ərazisindən keçərkən parçalandığını deyib.

Yerli informasiya agentliklərinin məlumatına görə, şahidlər həmin vaxt partlayış səsləri eşidib və dağıntılar görüblər.

Bu məlumatlar Xəzər dənizi ilə həmsərhəd olan Qərbi Azərbaycan, Kürdüstan və Gilan əyalətlərindən yayılıb.

Gilanda çıxan “Merian News” agentliyi oktyabrın 7-də şahidlərin yaxın məsafədən uçan obyektlər gördüyünü yazıb.

Həmçinin “Golan Saqaz” Kürdüstan əyaləti üzərində azı 1 raket göründüyünü xəbər verir.

“Entekhab.ir” saytı da Azərbaycanla sərhəd olan İran Astarasında yerli sakinlərin oktyabrın 7-də böhkəm şaqqıltı səsi eşitdiklıərini yazır.

Qərbi Azərbaycandakı Tekab şəhərinin sakinləri isə Qizqapan kəndi yaxınlığında uçan bir obyektin partladığını deyirlər.

“Evian News” partlayış nəticəsində evlərə zərər dəydini, pəncərələrin sındığını xəbər verir.

“Takht News” isə Qizqapanda baş verən partlayışda 2 nəfərin yaralandığını və mal-qaranın öldüyünü yazır.

Mənbənin yazdığına görə təhlükəsizlik qüvvələri həmin ərazidə olub və uçan obyektin qırıntılarını araşdırıblar.

Amma Tekabın qubernatoru İRNA agentliyinə qəzanın səbəbinin aydın olmadığını deyib.

Həmçinin kürdlərin Peşməngə birləşməsi oktyabrın 7-də İraq üzərində aşağıdan uçan 2 Rusiya raketinin görüntülərini yayıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Afkham Marzieh oktyabrın 9-da bununla bağlı sualları cavablandırarkən bu məlumatları təsdiqləməyib.

İranın briqada generalı Moussa Kamali isə oktyabrın 9-da Rusiyanın Sputnik dövlət informasiya agentliyinə müsahibəsində ABŞ-ın bu iddiasının ağ yalan olduğunu bildirib və bunu psixoloji müharibə cəhdi adlandırıb.

Həmçinin Rusiyanın müdafiə nazirliyi bu iddiaları qəti şəkildə rədd edib.

Nazirliyin sözçüsü generalIgor Konashenkov bütün raketlərin hədəfə dəydiyini deyir.

Qeyd edək ki. Rusiya ilə İran Suriya münaqişəsində prezident Bashar Assadın tərəfini, ABŞ və onun müttəfiqləri isə Suriya rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Rusiya ilə İran bu yaxınlarda təhlükəsizlik və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı yeni razılaşması imzalayıblar.

Bundan başqa tərəflər Bağdadda birgə nəzarət mərkəzi açıblar.