Rusiya Kitab İttifaqının (RKS) bazasında bu ölkədə çap, elektron kitab nəşrlərinin qanunvericiliyə uyğunluğunu qiymətləndirən və pozuntular aşkar edildikdə onların aradan qaldırılması üçün tövsiyələr verən ekspert mərkəzi fəaliyyətə başlayıb. Bu barədə "Vedomosti"də yazılıb.
Ekspert mərkəzi bir sıra məsələlərlə yanaşı, tədris, normativ və rəsmi kitablar istisna olmaqla, bütün kitablarda "LGBT təbliğatı" ilə bağlı qanun pozuntularının aşkarlanması ilə məşğuldur. Bu zaman kitabların müsadirəsi ilə bağlı yekun qərarı nəşriyyat özü verir.
Bundan əvvəl mərkəzin mütəxəssislərinin tövsiyəsi ilə AST nəşriyyatı Vladimir Sorokinin "İrs", Maykl Kanninqemin "Dünyanın sonundakı ev" və Ceyms Bolduinin "Covanninin otağı" romanlarının satışını dayandırıb.
Aprelin 23-də AST nəşriyyatı Hanya Yanaqiharanın "Kiçik həyat" və Madlen Millerin "Axill nəğməsi" romanlarını satışdan çıxarmaq qərarına gəlib. AST qərara əsas kimi bu kitablarda "LGBT təbliğatı" əlamətlərinin olmasını göstərib. AST saytında "Kiçik bir həyat" romanının yer aldığı səhifə indi əlçatan deyil.
Fevralın sonunda məlum olub ki, "Sber" bankına məxsus "Meqamarket" platforması "LGBT təbliğatı" səbəbindən 250-dən çox kitabı satışdan çıxarıb.
2022-ci ilin dekabrında prezident Vladimir Putin Rusiyada LGBT təbliğatını tamamilə qadağan edən qanun imzalayıb.
Əvvəllər belə qadağa yalnız yetkinlik yaşına çatmayanlar ilə bağlı idi. Yeni qanun, müəlliflərin fikrincə, homoseksuallıq, biseksuallıq, transseksualizm haqqında məlumatların mediada, internetdə, reklamda və sənət əsərlərində yayılmasının qarşısını almalıdır. Onu pozanlara böyük cərimələr nəzərdə tutulur - vətəndaşlara 400 min rubla (4 min 320 dollar), təşkilatlar üçün isə 5 milyon rubla (54 min dollar) qədər.
Ötən ilin noyabrında Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin tələbi ilə "beynəlxalq LGBT hərəkatı"nı qadağan etmək və onu ekstremist kimi tanımaq qərarına gəlib.