Ukraynanın dron hücumlarından sonra Rusiya cənubda uçuş qadağaları tətbiq edir

Rusiyanın Rostov vilayətində dron hücumundan sonra neft anbarında yanğın

Rusiya iyulun 9-na keçən gecə 30-dan çox Ukrayna dronunu tutduğunu bildirir. Yerli rəsmilər itkilər, binalara ziyan barədə məlumat verirlər.

Kiyev Rusiyanın iddialarını şərh etməyib.

Ötən gün Rusiya Ukraynada 37 nəfərin ölümü ilə nəticələnmiş kütləvi raket hücumu gerçəkləşdirib. Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski buna cavab veriləcəyini bəyan edib.

38 dron tutulub

Rusiya Müdafiə Nazirliyinin iyulun 9-da yaydığı məlumatda deyilir ki, beş vilayətdə ümumilikdə 38 dron tutulub. Onlardan 21-i Rostova, yeddisi Kurska, beşi Həştərxana, üçü Belqoroda, ikisi Voronejə atılıb.

Yerli media cənubdakı Həştərxan və Volqoqrad vilayətlərindəki aeroportların dron hücumlarından sonra uçuşları məhdudlaşdırdığını yazır.

İyulun 9-na keçən gecə Ukraynanın Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində dörd nəfər həlak olub, 20 nəfər yaralanıb. Bunu region qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, hücum elektrik təchizatında fasiləyə səbəb olub, 60 binaya və 160 mənzilə ziyan dəyib.

Volqoqradda neft anbarı və elektrik yarımstansiyası düşən dron qalıqlarından alışıb. Bu məlumatı isə region qubernatoru Andrey Boçarov verib.

Rusiyanın raket hücumu

İyulun 8-də Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub, 21-i paytaxt Kiyevdə olmaqla, azı 37 nəfər öldürülüb. Hücumda bir xəstəxana da ziyan görüb, azı iki işçisi həlak olub.

Qərb, BMT-nin humanitar koordinatoru Rusiyanın hücumunu pisləyiblər. BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın raket hücumunu müzakirə etməkdən ötrü iyulun 9-da iclas keçirəcək.

Moskva adətən yaşayış məskənləri, məktəblər, xəstəxanalar və digər mülki obyektləri hədəfə almadığını deyir.

Rusiyanın Müdafiə Nazirliyi Kiyev yaxınlığına hücumların Ukrayna hərbi sənaye obyektləri və Ukrayna hava qüvvələri bazalarını hədəfə aldığını, hücumun hədəflərinə çatıldığını bildirib.

AzadlıqRadiosu ağır döyüşlər gedən ərazilərdə baş verənlərlə bağlı tərəflərin dediklərini müstəqil təsdiqlətmək imkanına malik deyil.

8 iyul

Ukraynaya raket zərbələrində azı 41 nəfər ölüb. BMT iclasa toplanır

BMT Təhlükəsizlik Şurası iyunun 9-da Rusiyanın Kiyevdəki "Oxmatdet" Uşaq Xəstəxanasına raket zərbəsi ilə bağlı iclas keçirəcək.

Rusiya iyulun 8-də Ukraynanın bir neçə şəhərini şiddətli raket atəşinə tutub və nəticədə ölkə boyunca azı 41 nəfər həlak olub, daha 141 nəfər yaralanıb.

Ölü sayı ən çox Kiyev və Krivoy Roq şəhərlərində qeydə alınıb.

Kiyevdə ən böyük uşaq xəstəxanasının binalarından biri və yaşayış binasının bloku dağılıb.

Sözügedən binada ölənlərdən üçü uşaqlardır.

Raketləri yenə də Xəzər üzərindən atıblar

Xəbər verilir ki, Rusiya strateji bombardmançı təyyarələri raketləri Xəzər dənizi akvatoriyasından atıblar. Rusiya hərbçiləri eyni zamanda ballistik raketlərlə atəş açıblar.

Bütün Ukrayna boyunca həyəcan vəziyyəti elan edilib.

Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb və onlardan 30-nu vurmaq mümkün olub.

Uşaq xəstəxanasından başqa Kiyevin digər rayonlarında da dağıntılar var. "Lukyanovskaya" metrostansiyasının yaxınlığında biznes mərkəzi yanıb. Şevçenko rayonunda isə yaşayış binasının bir bloku tamamilə dağılıb.

Ukrayna təcili xidmətlərinin məlumatına görə, Rusiya tərəfindən təkrar raket zərbələri nəticəsində Kiyevin Dneprovsk rayonunda tibb mərkəzi qismən dağılıb. Bu zərbələr nəticəsində, azı, dörd nəfər həlak olub.

Krivoy Roqda 10 nəfər həlak olub

Xəbər verilir ki, Dneprdə, Krapivnitskdə və Krivioy Roqda partlayışlar baş verib.

Krivioy Roq şəhərində raket zərbələri nəticəsində 10 nəfərin həlak olduğu xəbər verilir.

Şəhərdə iyulun 9-u matəm günü elan edilib. Donetsk vilayəti administrasiyasının məlumatına görə, Pokrovsk şəhərində üç nəfər həlak olub.

"Uşaqların məqsədli hədəflənməsi"

Ukrayna hökumətinin rəsmiləri Rusiyanı raket zərbələri zamanı "məqsədli şəkildə" uşaqları hədəfləməkdə ittiham edirlər.

Onlar Rusiya təcavüzü ilə mübarizə üçün Ukraynaya daha çox hərbi yardımlar verilməsinə çağırırlar.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, onun qüvvələri Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava bazalarına zərbələr endiriblər, bütün hədəflər vurulub.

Ekspertlər Rusiyanın versiyasına inanmırlar

Rusiyanın dövlət TASS xəbər agentliyi bundan əvvəl bildirmişdi ki, partlayışlar Kiyevdə "Artyom" müdafiə zavodu və "Julyanı" aerodromu rayonunda baş verib.

Rusiya hərbiyyəsi bildirir ki, onun qüvvələri mülki obyektlərə zərbələr endirməyiblər və dağıntılar Ukrayna hava hücumundan müdafiə sisteminin raketləri vurmasına görə baş verib.

Rusiyanın hərbi bloqerləri iddia edirlər ki, Ukrayna tərəfi NASAMS hava hücumundan müdafiə raketlərindən istifadə edib.

Ukrayna təhlükəsizlik xidməti isə israr edir ki, uşaq xəstəxanasına Rusiyanın X-101 raketi ilə zərbə endirilib və Kiyevin buna dair sübutları var.

Sosial şəbəkələrdə habelə raketin Kiyevə düşmə anını görüntüləyən videolar yayılıb. Bu videoları Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak dərc edib.

"Agentstvo" saytı yazır ki, ekspertlər Rusiya Müdafiə Nazirliyinin versiyasına şübhə ilə yanaşırlar. Onlar vurğulayırlar ki, söhbət hava hücumundan müdafiənin atdığı zenit raketindən yox, Rusiya tərəfindən atılan qanadlı raketdən gedir.

Qərb Ukraynaya raket zərbələrini qətiyyətlə pisləyib. ABŞ-ın Kiyevdəki səfiri hücumu "qəddar təcavüz" və "insan həyatına tam laqeydlik" adlandırıb.