Rusiya yeni virusun yayılmasına qarşı tədbirlərə başlayır

Tokio hava limanında xəbərdarlıq lövhəsi

Rusiya bildirir ki, Çində indiyədək 6 nəfərin ölümünə səbəb olmuş yeni virusun ölkəyə keçməsinin qarşısını almaq məqsədilə sərhəddə və hava limanlarında yoxlama prosedurlarını gücləndirir.

Virus artıq Tayland, Yaponiya və Cənubi Koreyaya yayılıb.

Rusiya Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi yanvarın 21-də bildirib ki, hakimiyyət orqanları sanitar və karantin tədbirlərini gücləndirib.

Məlumatda deyilir ki, hava limanlarında və sərhəd buraxılış məntəqələrində çalışanlara koronavirusa yoluxduğundan şübhəli şəxslərin saxlanması və təcrid olunmasına dair təlimat verilib.

Rusiyanın Çinlə 4200 kilometrlik sərhədi var və Rusiyaya hər il 1, 5 milyon çinli turist gəlir.

Sərnişin təyyarədəykən

Moskvanın Şeremetyevo hava limanından AFP agentliyinə bidlirilib ki, sərhəd xəttində istilik detektorları olan skanerlərdən istifadə olunur.

Bu cihazlar hələ sərnişinlər təyyarədəykən onların bədən temperaturunu müəyyən edir.

Yüksək hərarəti olanlar dərhal başqalarından təcrid edilir və onlara tibbi yardım göstərilir.

Rusiya rəsmiləri ölkə vətəndaşlarına Çinin Vuhan vilayətinə getməməyi tövsiyə edirlər.

Yeni virus ilk dəfə bu vilayətdə qeydə alınıb.

Hökmü DST verəcək

Rusiyalılara habelə zooparklara və diri heyvanların satıldığı bazarlara getməmək tövsiyə edilir.

Yeni virusun yayılmasına qarşı ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreya hökumətləri də tədbir görməyə başlayıb.

ABŞ-ın San Fransisko, Los Angeles və Nyu York hava limanlarında sərnişinlərin skanerdən keçirilməsinə başlanıb.

Dünya Səhiyyə Təşkilatı (DST) yeni virusun beynəlxalq təhlükə olub-olmaması barədə qərarı yanvarın 22-də keçirilən iclasında müəyyənləşdirəcək.

Koronovirusa yoluxma qızdırma, öskürmə və tənəffüs problemləri ilə müşayiət olunur.