Rusiyada rəyi soruşulan 5 nəfərdən biri deyir məhbuslara işgəncə vermək olar

Rusiyada keçirilən sorğuda hər beş nəfərdən biri hesab edir ki, məhbuslara qarşı işgəncə tətbiq etmək olar. AzadlıqRadiosunun rus xidmətinin yazdığına görə, belə bir nəticə "Levada" Mərkəzinin Rusiyada keçirdiyi sorğuda üzə çıxıb.

Məlumata görə, 11 faiz bildirib ki, müstəsna hallarda insanlara işgəncə vermək olar, o zaman günahsız insanların həyatını xilas etmək olar.

Digər 9 faiz isə hesab edir ki, ağır zorakılıq cinayətlərinə görə məhkum olunanlara işgəncə vermək olar.

Rusiya hakimiyyəti tərəfindən qondarma xarici agent kimi tanınan “Levada”nın sorğusu Rusiya koloniyalarında işgəncələrə dair yeni xəbərlərdən az sonra keçirilib.

Oktyabrın əvvəlində Gulagu.net hüquq müdafiəsi layihəsi vərəm xəstəxanasında müalicə olunan və Belqorod və Kamçatkadakı koloniyalarda saxlanılan məhbuslara verilən işgəncələrinin videogörüntülərini dərc edib.

Buna da bax: Rusiya həbsxanalarında ‘işgəncə maşını’. Videolar yayılıb

Sorğuda iştirak edənlərin yalnız 66 faizi işgəncənin heç bir şəraitdə yolverilməz olduğuna inanır.

Amma məlumatda vurğulanır ki, sorğunun nəticələri onu göstərir ki, iki ildə işgəncələri qəbul etməyən vətəndaşların faizi artıb. Beləki 2019-cu ildə Mərkəzin sorğusunda rusiyalıların yalnız 60 faizi işgəncəni qəbuledilməz hesab edib. 2018-ci ildə isə bu 57 faiz olub.

Mərkəzin sorğusunda o da aydın olub ki, hər onuncu respondent hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən işgəncələrlə üzləşdiyini bildirib.

Rəyi soruşulanların 40 faizə qədəri isə hesab edib ki, zorakılığa qarşı mübarizə cinayətlərin aşkar edilməsi nisbətlərini azalda bilər.

Buna da bax: Rusiya, həbsxanalarda işgəncə videolarını mətbuata ötürəni axtarışa verib