1500-dən çox miqrant Rusiyadan çıxarılır

Moskvanın miqrasiya mərkəzində qeydiyyatdan keçmək üçün növbə (Foto arxiv)

İyunun 3-dən 7-dək Moskva vilayətində keçirilən "Qeyri-leqal 2024" əməliyyatının nəticələrinə görə 1500-dən çox xarici vətəndaş Rusiyadan çıxarılacaq. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Rəsmi açıqlamaya görə, yoxlamanın məqsədi qeyri-qanuni miqrasiyaya ilə mübarizə, o cümlədən inzibati xətaların və cinayətlərin müəyyən edilməsi olub. Nəticədə polisin 5 min 300-dən çox inzibati xətanın qarşısını aldığı, 19.5 milyon rubl (229 min 417 ABŞ dolları) məbləğində cərimələr yazıldığı bildirilir.

Bundan əlavə, 413 cinayət işi başlanıb (ən çox miqrantın qondarma qeydiyyata alınması maddəsi ilə).

2024-cü ilin dörd ayında Moskva polisi paytaxtda yaşayan 2 mindən çox miqrantı ölkədən çıxarıb. Daha 350 nəfər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 2 mindən çox miqrant qeyri-qanuni işə görə inzibati məsuliyyətə cəlb edilib, ümumilikdə onlar 100 milyon rubla (1 milyon 176 min 500 dollar) yaxın cərimələnib.

Mayın sonunda "Vedomosti" Rusiya DİN-in ərazi orqanlarının miqrasiya idarələrinin məlumatlarına istinadən yazırdı ki, bu ilin birinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkədən iki dəfə çox – 22 min xarici vətəndaş çıxarılıb.