Rusiyaya miqrant axını son 10 ildə minimuma enib

Bişkekdə Rusiyaya sərnişindaşıma təşkil edən şirkətin reklam banneri.

Rusiyaya miqrant axını son 10 ildə ən aşağı həddə düşüb. AzadlıqRadiosunun rus xidməti bunu 2008-ci il böhranı, 2014-cü ildə Krımın ilhaqı və COVID-19 pandemiyasından bəri dördüncü azalma dalğası adlandırır.

Rusiya statistika orqanının məlumatına görə, 2023-cü ildə ölkəyə 560 min nəfər gəlib. Bu isə Ukraynada müharibə başlayan 2022-ci ildəkindən 23 faiz azdır: onda Rusiyaya 730 min nəfər gəlmişdi.

Rusiyaya gələnlərin 1/3-i Tacikistandan, 10 faizi Qırğızıstandan, 9 faizi Ukraynadan, Ermənistan və Qazaxıstandan, 4 faizi isə Özbəkistandandır. Belarus, Çin, Türkmənistan, Hindistan və digər ölkələrdən gələn miqrantlar da var.

2023-cü ildə Rusiyaya gələnlərin 55 faizi kişilər, 45 faizi qadınlar olub. Onların əksəriyyəti (76 faiz) əmək qabiliyyəti yaşında gəlib. Miqrantların 11 faizi yaşlılar, 13 faizi isə yaşı 16-dan aşağı olanlardır. Ancaq miqrantların cəmi 1/3-i işləmək məqsədilə gəldiyini bildirib.

Miqrantların çoxunun Moskva və Tümen vilayətlərinə, həmçinin Xantı-Mansi muxtar dairəsinə gəldiyi açıqlanıb, ümumi miqrant sayının 57 faizi bu ərazilərin payına düşür.

Bundan öncə Tomsk vilayətində miqrantların 20 sahədə, o cümlədən taksi, ticarət, ərzaq təchizatı, təhsil, idman, mühafizə, mehmanxana, personal seçimi sahələrində işləməsi qadağan edilib.

Miqrantlara qadağalar

"Agentstvo"nun hesablamasına görə, Rusiya regionlarının 1/3-də, o cümlədən Ukraynadan ilhaq olunmuş Krımda miqrantların işləməsinə məhdudiyyətlər tətbiq edilib.

2023-cü ilin oktyabrında Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xarici vətəndaşların məktəblərdə, əczaçılıq sahəsində, dövlət tibb ocaqlarında, taksi və yük daşımalarında işləməsinin yasaqlanması təklif olunur.

"Crocus City Hall"da teraktın Tacikistan vətəndaşları tərəfindən törədilməsi haqda rəsmi versiya yayılandan sonra Rusiyada miqrantlara ksenofob münasibət kəskinləşib. Bəzi regionlarda hüquq-mühafizə orqanları əcnəbi işçilərin yaşayış və iş yerlərində reydlər keçiriblər. Bəzi hallarda miqrantları hərbi komissarlıqlarda qeydiyyata salıblar.

Moskva əməkçi miqrantları ölkədən çıxmağa vadar etməkdən ötrü onları Ukraynadakı müharibəyə göndərir. Bunu Peterburqda beynəlxalq hüquq forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin söyləyib. Dediyinə görə, Rusiya vətəndaşlığı ala bilmiş 10 minə yaxın miqrant orduya cəlb olunub.

2024-cü ilin əvvəlindən DİN Rusiyadan azı 65 min əcnəbini çıxarıb, 120 min miqrantın ölkəyə girişini önləyib.