2020-ci ildə narkotik problemindən ölən rusiyalıların sayı əvvəlki ilə nisbətən 60 faiz artıb.
Bu barədə məlumat Rusiya Statistika Komitəsinin hesabatında yer alıb. Rosstat-ın hesabatında deyilir ki, 2020-ci ildə narkotikdən 7316 nəfər ölüb, bir il əvvəl isə ölüm sayı- 4569 nəfər olub.
Məlumata görə, 2016–2018-ci illərdə Rusiyada hər il 4.4-4.8 min insan narkotikdən həyatını itirib.
Ümumilikdə, 2020-ci ildə Rusiyada xəstəliklə əlaqəli olmayan müxtəlif səbəblərdən 140 minə yaxın adam ölüb ki, burda narkotikdən istifadəyə görə ölənlərin payı 5,2 faiz olub.
Rosstat, narkotik maddələrdən sui-istifadə nəticəsində zehni xəstəliklərdən vəfat edənləri də narkotik ölümləri kateqoriyasına aid edir.
Bu ilin iyun ayında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi pandemiya başlayandan bəri dünyada narkotik istifadəsinin artmasına dair bir hesabat yayıb.
Həmin hesabata görə, 2020-ci ildə bütün dünya üzrə narkotikadan istifadə edənlərin sayı 275 milyon olub. Bu da 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.