Rusiya NATO-dakı missiyanın fəaliyyətini dayandırır

Rusiyanın Tu-160 bombardmançı təyyarəsi

Xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də deyib ki, missiya işini noyabrın 1-dən dayandıracaq

Rusiya NATO-nun Brüsseldəki qərargahında missiyasının fəaliyyətini dayandıracağını bildirir. Bu, təhlükəsizlik alyansının bu ayın əvvəlində Rusiya missiyasının səkkiz üzvünü qovmasına cavab addımıdır.

Xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də deyib ki, missiya işini noyabrın 1-dən dayandıracaq. NATO-nun Moskvadakı hərbi missiyasının üzvlərinin də akkreditəsi elə həmin gündən kəsilir.

Buna da bax: Kremlin NATO-nun qərarına reaksiyası

Şərt irəli sürülməyib

Lavrov NATO Katibliyinə Rusiya tərəfin addımları haqda məlumat verildiyini deyib. Onun sözlərinə görə, NATO-nun Rusiyaya hər hansı sualları olarsa, alyans təmsilçiləri Belçikadakı səfirə müraciət edə bilərlər. O, missiyaların işinin mümkün bərpası üçün hər hansı şərt irəli sürməyib.

Nazir bu tədbirlərin Rusiyanın NATO-dakı missiyasından səkkiz nəfərin qovulmasına cavab olduğunu bildirib. Missiyadakı rusiyalı diplomatların sayı 20-dən 10-a salınmışdı.

Buna da bax: ABŞ-ın Müdafiə naziri Tbilisidə əməkdaşlıq razılaşması imzalayıb

NATO bu addımını həmin diplomatların Rusiya xüsusi xidmətlərinin əməkdaşları olması, qeyri-dost fəaliyyəti ilə izah edib.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən NATO ilə Rusiyanın münasibətləri gərginləşib, rəsmi kontaktlar məhdudlaşıb.

30 üzvü olan qərb alyansı Rusiyanın nüvə raketləri hazırlamasından, NATO-nun hava məkanını pozmasından, Rusiya qırıcılarının NATO müttəfiq gəmilərinə yaxınlaşmasından narahatdır.