İŞİD Sankt Peterburq supermarketindəki partlayışı törətdiyini iddia edir

Dekabrın 27-də partlayışın törədildiyi supermarketin yaxınlığında

Özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma dekabrın 27-də Rusiyanın Sankt Peterburq şəhərindəki supermarketdə törədilmiş partlayışın məsuliyyətini öz üzərinə götürüb. Bu partlayış zamanı 10 nəfər xəsarət almışdı.

İŞİD bu iddianı dekabrın 29-da təşkilata bağlı Amaq xəbər portalında edib.

Ekstremist təşkilat bu iddiası üçün heç bir sübut göstərməyib. İD zaman-zaman və çox vaxt da heç bir real əlaqəsi olmadan dünyanın müxtəlif yerlərində törədilmiş zorakılıq aktları üçün məsuliyyəti öz üzərinə götürür.

Rusiya prezidenti Vladimir Putin bu partlayışdan bir gün sonra hadisənin terror aktı olduğunu bəyan etmişdi. O təhlükəsizlik qüvvələrinə terror şübhəliləri ilə mübarizədə “əsir götürməməyi” əmr edib.

Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko dekabrın 27-də Sankt Peterburqdakı “Perekryostok” supermarketinin müştərilər üçün nəzərdə tutulmuş saxlama kameraları bölməsində 200 qram trotil gücündə əldəqayırma bomba partladıldığını bildirmişdi.