Ruslar Ermənistan pomidorundan Amerika güvəsi tapıblar?

Rusiyada son vaxtlar Ermənistandan meyvə-tərəvəz idxalının dəfələrlə artmasına şübhə ilə yanaşırlar, amma Yerevanın xətrinə dəymirlər

Rusiyanın kənd təsərrüfatına nəzarət edən “Rosselxoznadzor” qurumunun məlumatına görə Ermənistan Moskvanın Avropa və Türkiyə ərzağına qarşı sanksiyalarını pozmadığını bildirib.

“Rosselxoznadzor”un məlumatında deyilir ki, Ermənistan Rusiyaya yalnız öz kənd təsərrüfatı mallarını göndərir və bu sahədə ticarət dövriyyəsi və həcmi Ermənistanın məhsuldarlığından asılıdır.

Bu xüsusilə vurğulanır ki, ErmənistanTürkiyədən və Avropa ölkələrindən aqrar məhsulların təkrar ixracı və ya reeksportu ilə məşğul olmur.

Tərəvəz bumu

Rusiyanın RİA agentliyi bundan əvvəl xəbər vermişdi ki, ölkəyə Ermənistan, Azərbaycan və Misirdən gətirilən pomidorun həcmləri sıçrayışlı şəkildə artıb. Rusiya mediasında bununla əlaqədar bəzi şübhələr ifadə edilmişdi. Bəzi xəbərlərdə ehtimal edilidi ki, bir sıra ölkələr Rusiyaya Türkiyə və Avropa meyvə-tərəvəzini öz malları kimi satırlar.

Ermənistana xaricdən alma idxalı dörd dəfə artıb

“Rosselxoznadzor”un məlumatına görə Ermənistandan Rusiyaya pomidorun ixracı təkcə yanvar-fevral aylarında 1 tona çatıb, halbuki 2015-i ilin müvafiq dövründə Ermənistandan belə məhsul ümumiyyətlə ixrac edilməyib.

Cümə axşamı “Rosselxoznadzor” məlumat vermişdi ki, ilin əvvəlindən bəri Ermənistandan kələm və başqa tərəvəzin ixracı səkkiz dəfə artıb, Ermənistana gətirilən almanın həcmi isə dörd dəfə çoxalıb.

Rusiya 2016-cı ilin 1 yanvarından ölkəyə pomidor da daxil, Türkiyə meyvə-tərəvəzinin idxalını qadağan edib.

Əvvəllər Türkiyə Rusiyanın 1 nömrəli pomidor təchizatçısı idi.

Rusiyada satılan pomidorun yarısı Türkiyədən gətirilirdi. Bundan bir qədər əvvəl Rusiya hökuməti məlumat vermişdi ki, əvvəllər Türkiyədən gətirilən meyvə-tərəvəz başqa ölkələrdən idxalla tam əvəzlənib.

Rusiyanın öz "möhürü"

“Rosselxoznadzor” bu məsələlərlə bağlı martın 2-də Ermənistan nümayəndələri ilə danışıqlar aparıb.

Rusiya qanunsuz idxal edilən ərzağı əvvəllər belə məhv edirdi

Rusiya tərəfi bildirmişdi ki, Türkiyə və Avropa İttifaqı ölkələrindən qanunsuz meyvə-tərəvəz idxalı riskinin artması ilə əlaqədar “Rosselxoznadzor”un öz agentləri başqa yerlərdən gətirilən məhsula öz fitosanitariya “möhürlərini” vurmalıdırlar.

Qurum bildirib ki, Rusiya Federasiyası Ermənistandan gətirilən kənd təsərrüfatı məhsulunun qanuniliyini yoxlamaq üçün mexanizmlərin yaradılmasını istəyir. Başqa sözlərlə, Moskva meyvə-tərəvəz ixracı məsələsində Yerevana bir o qədər də inanmadığına işarə etmişdi.

Moskva Ermənistan pomidoruna inanmır?

Ermənistan tərəfi isə isbat etməyə çalışır ki, bu ökədən Rusiyaya meyvə-tərəvəz ixracının kəskin artımı qanunsuz malın reeksportu ilə yox, Ermənistan istehsalçısının Rusiya bazarında boşalmlış yeri tutmaq niyyəti ilə bağlıdır.

“Rosselxoznadzor” Ermənistandan Krasonodara və Adıge Respublikasına gətirilmiş 22 ton pomidorun qadağan edilməsi barədə xəbərləri təkzib edib

Ermənistanın Rusiyadakı ticarət attaşesi Karen Asoyan bildirib ki, 2015-ci ildə Ermənistanda bir çox kənd təsərrüfatı bitlkilərinin məhsuldarlığı yüksək olub.

Ermənistanın ticarət nümayəndəsi habelə bildirib ki, Ermənistanın bitki karantini idarəsi qanunsuzluqların qarşısının alınması məqsədilə “Rosselxoznadzor”la daha sıx əməkdaşlığa hazırdır.

Bundan əvvəl, fevral ayında “Rosselxoznadzor” Ermənistandan Krasonodara və Adıge Respublikasına gətirilmiş 22 ton pomidorun qadağan edilməsi barədə xəbərləri təkzib etmişdi.

Xəbərlərdə deyilirdi ki, guya Ermənistan pomidorlarının içərisindən Cənubi Amerika güvəsi tapılıb.