Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilə tabe işçi qrupu Pasxa bayramı ərəfəsində kilsələrin bağlanmasını tövsiyə etməyib.
Interfax agentliyi bildirir ki, bununla belə dindarları evlərində ibadət etməyə çağırmaq tövsiyə olunub.
Moskva meriyası koronavirus epidemiyasına görə ölkə paytaxtında bütün kütləvi tədbirləri qadağan edib və Rusiya Pravoslav Kilsəsi də bu mənada istisna təşkil etmir.
Görünür, bu səbədən də patriarxlıq Bədmüşk bazar və Pasxa günlərində, habelə Müqəddəs həftə ərzində möminlərə kilsələrə getməməyi yalnız tövsiyə edib.
Patriarxın sözlərinə görə, pravoslavlara yaxınlarının həyat və sağlamlığını qorumaq naminə “müvəqqəti məhrumiyyətlərə” dözmək çağırışı edilib.
Koronavirus epidemiyası ilə mübarizə tədbirlərini yerlərdə həyata keçirmək yepiskoplara tapşırılıb.
Bu da qeyd olunur ki, regionlardakı vəziyyət kilsələrə getmək imkanı verirsə, orada görüləcək təhlükəsizlik tədbirlərinin siyahısı verilib.
Rusiya pravoslav xristianları Pasxanı aprelin 19-da bayram edirlər. Bədmüşk bazar günü aprelin 12-də qeyd olunur.
Koronavirusdan ölən keşişlər var
Bundan əvvəl Moskva patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin rəhbəri mitropolit İlarion (Alfeyev) bildirmişdi ki, möminlər bayramları evlərində qeyd etməyə hazır olmalıdırlar.
Dünyanın əksər yerlərində xristianların ruhani başçıları hökumətlərin rəsmi qadağanına tabe olaraq bayram günlərində kilsələri bağlı saxlayırlar.
Bundan əvvəl verilən xəbərlərdən epidemiyanın ilk günlərində yoluxmaların daha çox dini yığıncaq yerlərində baş verməsi bildirilirdi.
Hətta Yunan Pravoslav Kilsəsi də Pasxanın qeyd edilməsini karantinin başa çatmasından sonraya saxlayıb.
Keşişlər möminlləri vəziyyətin fövqəladəliyini nəzərə almağa çağırırlar.
Aprelin 10-da xəbər verilmişdi ki, Rusiya Patriarxlığının keşişlərindən biri koronavirusdan vəfat edib.
Bugünlərdə isə ABŞ-ın Nevada ştatındakı Rino şəhərində yerləşən Müqəddəs Şəhidlər məbədinin protodyakonu Aleksandr Gusev dünyasını dəyişib.