Kremlin seçki siyasətinə və mediaya sərt nəzarəti prezident Vladimir Putinin daha altı illiyə hakimiyyətini təmin edəcəyi anlamına gəlir. Martın 15-də başlayan səsvermə prosesi 17-də bitəcək.
Ancaq Putin plüralizm görüntüsü yaratmağa çalışır, baxmayaraq ki, Rusiyada, xaricdə buna az adam inanır. O, martın 14-də vətəndaşları səs verməyə çağıraraq deyib ki, növbəti seçkilərin keçirilməsi "demokratik dövlətin təməl prinsiplərindən birinin sarsılmaz olduğunu göstərir".
AzadlıqRadiosunun müxbiri Tod Prins (Todd Prince) seçkiyə buraxılan, "sistem müxalifəti" kimi tanınan üç namizəd barədə yazır. İki antimüharibə siyasətçinin isə namizədliyi qeydiyyata alınmayıb.
Yaşlanan kommunist
75 yaşlı Nikolay Xaritonov Kommunist Partiyasının aparıcı üzvü, 1993-cü ildən parlamentin aşağı palatası - Dövlət Dumasının deputatıdır. 2004-cü ildə prezidentlik uğrunda mübarizə aparıb, 13.7 faizlə Putindən sonra ikinci yeri tutub.
Keçmiş kolxoz direktoru Xaritonov Ukraynadakı müharibəni dəstəkləyir, kampaniya dövründə Putini tənqid etməyib. O, fəal kampaniya aparmayıb, böyük mitinqlər keçirməyib, muzeyləri ziyarət edib, kiçik qruplarla görüşüb, sovet və Rusiya abidələrinə əklillər qoyub. Seçicilərlə görüşlərində isə Xaritonov Rusiyanın kapitalist dönüşünü tənqid edib, sovet dövrü uğurlarını tərifləyib, Volqoqradın sovet adı Stalinqradın bərpasına çağırıb.
Buna da bax: Sızan sənədlər Kremlin Rusiyadakı seçkiləri necə yönəltdiyini göstərirƏn gənc namizəd
40 yaşlı Vladislav Davankov "Yeni adamlar" partiyasından Duma üzvüdür. O, ən gənc namizəddir, yaşı prezidentlik üçün minimumdan beş yaş çoxdur. Özünü nisbətən liberal kimi göstərən keçmiş biznesmen hökumətin media və söz azadlığına təzyiqlərini tənqid edir, bunların sovet dövrü repressiyasını xatırlatdığını deyib, dövlətin biznesə təzyiqini azaltmağa çağırıb.
Davankov deyir ki, Ukrayna ilə sülh danışıqlarını dəstəkləyir, amma "bizim şərtlərimizlə, geri çəkilməməklə". Bu isə Rusiyanın işğal etdiyi ərazidən əl çəkməməsi deməkdir. Davankov 2021-ci ildə Moskvada mer uğrunda mübarizə aparıb, rəsmi nəticələrə görə, 5.3 faizlə dördüncü olub.
Jirinovski deyil
56 yaşlı Leonid Slutski sağ-qanad, adı düz qoyulmayan Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədridir. O, partiyanın qızğın millətçi lideri Vladimir Jirinovskinin 2022-ci ildə ölümündən sonra vəzifəyə keçib.
1999-cu ildən Dövlət Dumasının deputatı olan Slutski Beynəlxalq əlaqələr komitəsinin sədridir. Həmin vəzifədə o, Putinin xarici siyasətini, o cümlədən Ukraynanın işğalını fəal dəstəkləyib.
2018-ci ildə bir neçə qadın jurnalist siyasətçini cinsi qısnamada ittiham etsə də, özü bunu danıb.
Slutski Rusiyada ən reytinqli siyasətçilər sırasında yer almış Jirinovskinin mirası üzərində kampaniya aparıb. Onun kampaniya devizi belə idi: "Jirinovskinin işi yaşayır".
Rusiya hələ Ukraynaya qarşı tammiqyaslı işğala başlamazdan uzun müddət öncə Jirinovski Kremli Ukraynanın ərazisini, eləcə də digər sovet respublikalarını tutmağa çağırırdı.