Sorğu: Ölkənin ‘yanlış yolda’ olduğunu düşünən rusiyalıların sayı kəskin artıb

Ötən ilin sentyabrında Samara şəhərində pensiya yaşının qaldırılmasına etiraz edənlər

Yenicə keçirilmiş rəy sorğusunun nəticələrinə görə 2006-cı ildən bəri ilk dəfə olaraq daha çox rusiyalı ölkələrinin düzgün istiqamətdə olmadığına inanır.

Müstəqil Levada mərkəzinin sorğusunda iştirak edənlərin 45 faizi inanır ki, “ölkə yanlış kursdadır”. Rəyi soruşulanların 42 faizi bunun əksini düşünür.

Yanvarın 31-də dərc olunmuş sorğu nəticələrində deyilir ki, ictimai rəydə ötən illə müqayisədə kəskin fərq yaranıb.

Beləki 2018-ci ildə rəyi soruşulanların yalnız 28 faizi ölkənin yanlış kursda olduğunu söyləmişdi. Rusiyanın götürdüyü kursu respondentlərin 55 faizi dəstəkləmişdi.

2006-cı ildə eyni suallarla keçirilən rəy sorğusunda rusiyalılaırn 48 faizi ölkənin hərəkət istiqamətindən narazı, 34 faizi isə razı olduğunu bildirmişdi.

Bu, ötənilki seçkidə böyük səs çoxluğu ilə qalib olandan bəri reytinqi kəskin düşən prezident Vladimir Putin üçün daha bir pis xəbərdir.

Ötən ay dövlətin keçirdiyi rəy sorğusunun nəticələrində deyilirdi ki, Putinə etimad son 13 ildə ən aşağı həddinə enib.

Qeyd olunurdu ki, bu, ilk növbədə ailə gəlirlərinin azalması, hökumətin pensiya yaşını, habelə dəyər vergisini artırması qərarlarına görə baş verib.