Rusiya ABŞ və Avropa istehsalı 1.2 milyard dollarlıq mikrosxem idxal edib

Mikrosxem

2023-cü ilin doqquz ayı ərzində Rusiya xarici istehsallı 1.7 milyard dollarlıq mikrosxem idxal edib. Bu haqda "Bloomberg" Rusiya gömrüyünün qapalı datasına istinadla yazır.

Bu çiplərin böyük hissəsi (azı 1.2 milyard dollarlıq) ABŞ və Avropa şirkətləri tərəfindən istehsal olunub. Bu sıraya "Intel Corp.", "Advanced Micro Devices", "Analog Devices", "Infineon Technologies", "STMicroelectronics" və "NXP Semiconductors" daxildir. Ancaq agentlik qeyd edir ki, hansı şirkətlərin Rusiyaya çip gətirdiyi, həmin məhsulların nə zaman istehsal olunduğu göstərilməyib.

Adları sadalanan şirkətlər sanksiyalara əməl etdiklərini, Rusiyada fəaliyyəti dayandırdıqlarını deyiblər. Onlar həmçinin Rusiyaya çiplərin qanunsuz çatdırılması sxemlərini araşdırdıqlarını bildiriblər.

Vasitəçilər

"Bloomberg"in mənbəyi ötən ilin martında deyirdi ki, Rusiya sanksiyalardan yayınaraq Avropadan mikroçiplər ala bilər. Belə ticarət sövdələşmələrində vasitəçilər isə sanksiyalara qoşulmayan Türkiyə, Qazaxıstan, BƏƏ kimi ölkələr ola bilər. Agentliyin həmsöhbəti onu da vurğulamışdı ki, Avropa İttifaqı və G7 ölkələrinin sanksiyalarına baxmayaraq, Rusiya idxalının həcmi praktiki olaraq müharibədən öncəki səviyyəyə qalxıb. Rusiyaya Asiya ölkələrindən, o cümlədən Çindən də idxal yüksəlib.

Qərb komponentlərindən özəlliklə raketlərdə istifadə olunması haqda daha öncə Ukrayna hakimiyyəti məlumat yayıb. Rusiyanın ötən ilin yazında raketlərin, o cümlədən "Kalibr" və "Kinjal" raketlərinin istehsalını artırdığı bildirilirdi. Rusiya istehsal üçün gərəkən plata, çip və yarımkeçiriciləri isə onunla əməkdaşlıq edən üçüncü ölkələrdən alır.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayanda ABŞ və digər ölkələr ixraca nəzarət tədbirləri tətbiq edib, Rusiyanın texnologiya və müdafiə sənayesini dəstəkləyəcək digər resurslara çıxışını məhdudlaşdırmağa çalışıblar. ABŞ-da bu qadağaya əməl etməyənlərə ittiham irəli sürülür, həbs olunurlar.