Şoyqu Putinə ‘qismən səfərbərliyin’ başa çatdığını deyib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu (sağda) prezident Vladimir Putinə deyib ki, 300 min nəfərin səfərbər edilməsinə dair tapşırıq yerinə yetirilib

Rusiya sakinləri bildirirlər ki, hərbi komissarlıqlar heç bir fərq qoymadan kimə gəldi çağırışlar göndərib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə deyib ki, 300 min nəfərin səfərbər edilməsinə dair tapşırıq yerinə yetirilib və “qismən səfərbərlik” tədbirləri başa çatıb:

"Orduya səfərbərliklə çağırılmış vətəndaşların göndərilməsi bugün başa çatıb. Adamlara çağırış göndərilməsi dayandırılıb və əlavə tədbirlər planlaşdırılmır. Sizin müəyyən etdiyniz sayda – 300 min nəfər səfərbər edilib. Başqa heç bir tapşırıq nəzərdə tutulmur”.

Nazirin sözlərinə görə səfərbər edilmiş rusiyalılardan 82 mini döyüş əməliyyatları zonasına göndərilib, onlardan 41 mini artıq hərbi birləşmələrin tərkibinə daxil edilib.

Şoyqu deyib ki, döyüş əməliyyatları zonasına müxtəlif səviyyəli 1300 icra hakimiyyəti nümayəndəsi və 27 min sahibkar göndərilib.

Nazirin sözlərinə görə 218 min nəfər hazırda poliqonlarda döyüş hazırlığı təlimi keçir.

Şoyqu habelə çağırışçıların təchizatı ilə bağlı çətinliklərin olduğunu da etiraf edib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, 13 min vətəndaş orduya heç bir çağırış göndərilmədən gəlib.

Buna da bax: Almaniya prezidenti Putinin ‘imperiya divanəliyindən’ danışdı

Hətta vəfat etmişlərə də çağırış göndərilib

Rusiyada “qismən səfərbərlik” Putinin fərmanı ilə sentyabrın 21-də başlanmışdı.

O vaxt bildirilmişdi ki, söhbət 300 minədək vətəndaşın səfərbər edilməsindən gedir.

Lakin Rusiyada müstəqil media yazır ki, oktyabrın ortalarınadək Rusiyanın 75 regionunda azı 431 min nəfər orduya çağırılıb.

Buna da bax: Azərbaycanda Ukrayna vətəndaşları 3 aydan çox qala bilər

Bu da qeyd olunur ki, bütün Rusiya üzrə bu rəqəm 492 min nəfər olaraq təxmin edilir.

Rusiya sakinləri bildirirlər ki, hərbi komissarlıqlar heç bir fərq qoymadan kimə gəldi çağırışlar göndərib.

Beləliklə hərbi xidmət keçməyənlər, çoxuşaqlı atalar, əlilliyi olanlar və hətta vəfat edənlərə də çağırışlar göndərilib.