Bakıda 'İşğala son' şüarı ilə aksiya keçirilib

Aksiya

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı bu gün, martın 4-də Bakıda Azərbaycandakı Rusiya səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının sözlərinə görə, onlar Rusiyanın Ukraynaya başlatdığı müharibəyə etiraz edirlər.

Aksiyaçıların səsləndirdilkləri bəyanatda deyilir ki, bu müharibə minlərlə insanın ölümünə, bütün Avropanın humanitar böhran təhlükəsi qarşısında qalmasına səbəb olub. ""Müdafiə Xətti" Rusiya Federasiyasının siyasi rəhbərliyini təcavüzə dərhal son qoyaraq silahlı qüvvələrini geri çağırmağa və əgər ehtiyac varsa, qonşu dövlətlərlə problemlərini, sivil dünyada qəbul olunduğu kimi, danışıqlar masası arxasında həll etməyə çağırır", - bəyanatda vurğulanıb.

Ərazidə olan polis əməkdaşları aksiya iştirakçılarına bəyanatlarını Rusiya səfirliyinə təqdim etməyə icazə verməyiblər. Aksiyaçılar "İşğala son" şüarı səsləndiriblər.

Aksiyaya Azərbaycan Daxili İşlər Nazirliyi və Rusiyanın Bakıdakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, məqsədləri Ukraynanı işğal etmək yox, onun neytrallığına nail olmaqdır.

Son günlər Azərbaycanda Rusiya əleyhinə, Ukraynaya dəstək məqsədli bir neçə aksiya keçirilib.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. Azərbaycan sanksiyalara qoşulmur.