Bakıda fəallar Ukraynaya hücuma etiraz ediblər

Rusiya səfirliyi qarşısında etiraz

Gənc fəal sərbəst buraxılıb

Bugün, fevralın 24-də Bakıda Rusiya səfirliyi qarşısında etiraz aksiyası zamanı saxlanan gənc fəal Elman Quliyev sərbəst buraxılıb. Bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib.

Quliyevin sözlərinə görə, onu saxlayıb polis bölməsinə aparsalar da, bir müddət sonra sərbəst buraxılıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

İctimai fəal Elman Quliyev və reportyor Orxan Baxışlı bu gün, fevralın 24-də Bakıda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar qeyd edib ki, bu aksiya Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır.

Fəallar bildirib ki, Azərbaycan xalqının iradəsi olmadan Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb.

Daha sonra Elman Quliyev bəyanat oxuyub. Bəyanatda qeyd olunub ki, hazırda baş verən müharibə aktıdır, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bəyanatı Rusiya səfirliyinə təqdim etmək istəyən E.Quliyevi polis saxlayıb.

Məsələ ilə bağlı Rusiya səfirliyindən və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.

Fevralın 21-də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanıyıb. Altı il əvvəl Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi. Bu gün, fevralın 24-də də Rusiya Ukraynaya yeni hücuma başlayıb.