Blinken Lavrovla görüşdə məna görmədiyini deyib

Putinin nişangah kimi istifadə olunan portreti

Federasiya Şurası prezident Vladimir Putinə ölkə xaricində hərbi qüvvədən istifadə icasəsi verən qərarı yekdilliklə qəbul edib

ABŞ dövlət katibi Entoni Blinken fevralın 22-də deyib ki, o Rusiya xarici işlər naziri Sergey Lavrovla bu həftənin sonlarına planlaşdırılan görüşünü ləğv edib.

Blinken Lavrovla görüşə Rusiyanın Ukraynaya müdaxilə etməyəcəyi təqdirdə razılıq vermişdi.

Dövlət katibi Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib:

“Biz indi görürük ki, müdaxilə başlanıb və Rusiya diplomatiyadan tam imtina etməsinə dair aydın mesaj verib. Hazırkı vaxtda bu görüşün keçirilməsində heç bir məna yoxdur. Mən bizim müttəfiqlərimiz və partnyorlarımızla məsləhətləşdim və hamımız bu qənaətə gəldik”.

Blinken əlavə edib ki, o fevralın 22-də Lavrova göndərdiyi məktubda bundan sonra onunla görüşməyəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Sergey Lavrov bu görüşə hazır idi:

"Hətta ən çətin vaxtlarda da biz danışıqlara hazır olduğumuzu bildiririk. Bizim bu barədə mövqeyimiz dəyişməz olaraq qalır. Biz danışıqlar prosesinə hazırıq”.

Lavrov və Blinken Ukrayna böhranını müzakirə etmək üçün fevralın 24-də Cenevrədə görüşməli idilər.

Putin separatçı bölgələrdən daha böyük əraziyə iddialıdır

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası prezident Vladimir Putinə ölkə xaricində hərbi qüvvədən istifadə icasəsi verən qərarı yekdilliklə qəbul edib.

Xəbər verilir ki, Putin fevralın 22-də Ukraynanın şərqinə qoşun yeridilməsini əsaslandıran qanunvericilik aktının qəbul edilməsi üçün Federasiya Şurasına məktub göndərmişdi.

Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib:

"Xaricdə hərbi qüvvədən istifadəyə icazə verərkən, biz güman edirik ki, bunlar respublikalarda (Ukraynanın şərqindəki iki qondarma separatçı qurum - red) sülhün və sabitliyin qorunub saxlanması üçün sülhməramlı qüvvələr olacaq”.

Qərb Rusiyanın “sülhməramlılar” barədə iddialarını rədd edir və bildirir ki, söhbət qonşu ölkənin suveren ərazisinə hərbi müdaxilədən gedir.

Putin fevralın 22-də bildirib ki, bu böhran Ukrayna NATO-ya qoşulmaq istəyindən rəsmi şəkildə imtina etsə və Qərb ölkələri Ukraynaya silah gətirilməsini dayandırsalar başa çata bilər.

O mətbuat konfransında çıxış edərkən deyib ki, Ukraynanın şərqində münaqişənin tənzimlənməsi üçün imzalanmış Minsk Razılaşmları artıq qüvvədən düşüb və Kiyev bundan sonra separatçı bölgələrlə ikitərəfli münasibətlərə daxil ola bilər.

Buna da bax: Britaniya sanksiyaları açıqlayır. Neft 100 dollara çatır

Mariupolun taleyi nə olacaq?

Fevralın 22-də ən açıq qalan suallardan biri də Putinin separatçı bölgələri hansı sərhədlər daxilində tanıması barədə idi.

Separtaçı liderlərin özləri bildirirlər ki, onlar öz müstəqilliklərini yalnız nəzarətlərində olan ərazidə yox, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində elan ediblər.

Vladimir Putin mətbuat konfransında söhbətin separatçıların iddia etdikləri ərazidən getdiyini deyib.

Bu isə o deməkdir ki, separatçılar bu iki vilayətin ərazisində hazırda Kiyevin nəzarətində olan böyük əraziləri tələb edirlər.

Hazırda Donetsk və Luqansk vilayətləri ərazisinin üçdə ikisi Ukrayna qoşunlarının nəzarətindədir.

Bu ərazidə həm də Ukraynanın Azov dənizindəki mühüm limanı – Mariupol yerləşir.

Putin bildirib ki, bu məsələlər sülh danışıqları ilə yoluna qoyula bilər, amma bu, orada döyüşlər getdiyinə görə hələki mümkün deyil.

Bu kimi məsələlərdən çıxış edən Qərb bildirir ki, Rusiyanın məqsədi yalnız iki separatçı bölgənin işğalı ilə məhdudlaşmır.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Ukraynaya tammiqyaslı müdaxilə planlarını dayandırmayıb.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, Rusiya yalnız sözü gedən iki bölgəni tanıyıb və Moskva Kiyevlə diplomatik münasibətləri kəsmək nniyyətində deyil.

Rusiya diplomatlarını Ukraynadan çıxarır

Rusiya Ukraynadakı səfirliyinin və baş konsulluqlarının heyətlərini bu ölkənin ərazisindən çıxarmaq qərarına gəlib.

Bu barədə məlumatı fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi verib.

Rusiya mediası xəbər verir ki, Vladimir Putin Ukraynada separatçı bölgələrin müstəqilliyini tanıyandan sonra ukraynalılar Kiyevdəki Rusiya səfirliyinin qarşısında etiraz aksiyaları keçirməyə başlayıblar.

Rusiya XİN-in bu barədə məlumaıtnda deyilir ki, 2014-cü ildən bəri (Krımın Rusiya tərəfindən ilhaqı və şərqi Ukraynada separatçı qiyamın başlandığı il) Rusiyanın Kiyevdəki səfirliyi, habelə Odessa, Lvov və Xarkovdakı baş konsulluqları dəfələrlə hücumlara məruz qalıb.

Bu da deyilir ki, rusiyalı diplomatlar ölümlə hədələnir, onların maşınları yandırılır, amma Ukrayna hökuməti baş verənlərə heç bir reaksiya göstərmir.