Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 28-də parlamentdə etdiyi çıxışında ölkəsini Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokundan çıxarmağa hazır olduğuna işarə edib.
Onun sözlərinə görə KTMT hazırda onun ölkəsinin təhlükəsizliyi üçün hədəyə çevrilib:
“Ermənistanın qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün təhlükəsizlik problemləri yaradır. Bəli, mən aydın şəkildə bildirmək istəyirəm ki, KTMT-nin indiki mövqeyi Ermənistanın milli təhlükəsizliyinə hədədir...KTMT Ermənistanın təhlükəsizliyi məsələsində adekvat mövqe tutmaqdansa, bunun tam əksini edir”.
Paşinyan vurğulayıb ki, “Ermənistan KTMT-dəki üzvlüyünü “de facto” dondurub, amma əgər bu proses belə davam etsə, üzvlüyünu “de jure” donduracaq”.
Paşinyan ölkəsinin KTMT-dəki üzvlüyünü dondurduğunu ötən həftə bəyan etymişdi.
Kreml isə buna cavab olaraq bildirmişdi ki, KTMT Nizamnaməsində üzvlüyün dondurulmasını nəzərdə tutan müddəa yoxdur. Moskva bundan başqa bəyanatlarına görə Paşinyandan müfəssəl izahat tələb etmişdi.
Paşinyan bunu xüsusilə vurğulayıb ki, onun administrasiyasının KTMT-dən gözlədiyi hərbi müdaxilə yox, Azərbaycanın Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğalına “siyasi və diplomatik” qiymət verməsidir.
Rusiya prezidenti Vladimir Putin ötən dekabrda ümid etdiyini bidlirmişdi ki, Ermənistan KTMT-dən çıxmağı planlaşdırmır və Yerevanın bəyanatları son vaxtlar “ölkə daxilində gedən mürəkkəb proseslərlə bağlıdır”.
***
Moskva bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın qarşısında öhdəliklərinə əməl etməməsinə dair Yerevanın ittihamlarını rədd edib.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın France 24 telekanalına demişdi ki, KTMT Yerevan qarşısında öz öhdəliklərini yerinə yetirməyib və onun ölkəsi bu təşkilatdakı üzvlüyünü dondurub.
Bu barədə məlumat verən Rusiya XİN nümayəndəsi Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə əslində Rusiya XİN-in bir həftə əvvəl verdiyi bəyanatı sözbəsöz təkrar edib.
Rusiya XİN-in həmin bəyanatında deyilirdi ki, Moskva Ermənistan hakimiyyətinin guya KTMT-nin 2021 və 2022 illərdə regionda baş vermiş “məlum hadisələr” zamanı öz öhdəlikllərinə əməl etməməsinə dair iradlarını tamamilə qeyri-məqbul hesab edir.
Rusiya XİN-in məlumatında qeyd olunurdu ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bu üzvlüyün verdiyi bütün hüquq və öhdəliklərə malikdir:
"Bununla belə, təəssüflə bildiririk ki, Yerevanın bu təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizlyinin təmin olunması vəzifələrinə cavab vermir. Ümid edirik ki, Yerevanda, mövcud narahatlıqların, ictimaiyyət qarşısında narazılıq ifadə edilməsi ilə deyil, sakit və etibarlı dialoqda müzakirə olunub aradan qaldırlmalı olduğunu başa düşəcəklər.”
Buna da bax: Berlin danışıqları başa çatdı. Bakı və Yerevandan açıqlamalar
Moskva Rusiya sərhədçilərinin Yerevan hava limanından çıxarılması məsələsinə münasibət bildirib
TASS agentliyi xəbər verir ki, Mariya Zaxarova habelə Yerevanın Zvartnots beynəlxalq hava limanındakı Rusiya sərhədçilərinin oradan çıxarılmalı olduğuna dair çağırışlara münasibət bildirib.
Zaxarova bildirib ki, Moskva Yerevandan bu barədə heç bir rəsmi müraciət almayıb.
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan fevralın 27-də demişdi ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanını tərk etməsi düzgün olardı.
O əlavə etmişdi ki, bu onun şəxsi fikridir və bu barədə hər hansı müzakirələrin aparılıb-aparılmamasından xəbərsizdir.
Simonyan demişdi ki, belə müzakirələrin güc nazirlikləri tərəfindən aparılmasını istisna etmir, amma o bu müzakirələrin iştirakçısı deyil.
Buna da bax: Ermənistan rəhbərliyi yeni konstitusiya barədə yekun qərarı hələ qəbul etməyibMəsələ gerçək görünür
Milli Məclisin spikeri demişdi ki, o Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərini qoruyacağından əmin deyil:
“Biz öz sərhədlərimizi özümüz qoruyacağıq. Amma mən onların bizim sərhədlərimizi qoruyacağından əmin deyiləm. Siz necə, əminsiniz? Bu dəfələrlə isbat olunub ki, onlar qorumurlar, üstəlik hər şeyi edirlər ki, bu sərhədlər daha zəif olsun. Onlar Dağlıq Qarabağa gəlib orda nə etdilər? Erməni xalqını ordan yola saldılar. Hadisələr başa çatandan iki-üç saat sonra Rusiya sülhməramlılarından beş nəfəri öldü. Onlar erməniləri çölə atdılar. Qorumaq belə olur? Bir gün də sizi və məni Zvartnots hava limanından yola salacaqlar”.
Zaxarova brifinqdə Simonyanın adını çəkməsə də onun vəzifəsinin belə bir məsələni qaldırmağa səlahiyyət verməsini şübhə altına alıb.
Lakin məsələ ilə tanış bəzi Ermənistan şərhçiləri iddia edirlər ki, Zvartnots hava limanınında Rusiya sərhədçilərinin yerləşdirilməsi Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığa dair dövlətlərarası müqavilədə yoxdur və Rusiya sərhədçiləri ora iki ölkənin müvafiq nazirlikləri arasında razılaşma əsasında yerləşdiriliblər.
Bundan əvvəl Ermənistanın Factor saytı “yüksək vəzifəli rəsmiyə” istinadla bildirmişdi ki, Rusiya sərhədçiləri “yaxın vaxtlarda” Zvartnotsdan çıxarılacaqlar.
Buna da bax: Ermənistan Milli Təhlükəsizlik Xidməti: Azərbaycan əsgəri saxlanıbXatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.