Putin qoşunları Suriyadan niyə çıxarır?

Suriyanın Latakia əyalətindəki Rusiya hərbi bazasında Rusiya vertolyotu, 16 dekabr 2015

Rusiya prezidentinin Suriyadakı əsas qoşun hissələrinin oradan çıxarılması barədə qəfil qərarı onun özündən başqa hamını təəccübləndirib

Rusiya prezidentinin Suriyadakı əsas qoşun hissələrinin oradan çıxarılması barədə qəfil qərarı onun özündən başqa hamını təəccübləndirib.

Bu xəbər son həftələrdə Moskvanın sıx işbirliyində olduğu Vaşinqton üçün də sürpriz olub.

Qərb mətbuatı üçün ötən sentyabrda “Rusiya Suriyaya niyə girir?” sualı nə qədər müəmmalı idisə, indi də “niyə çıxır” sualı heyrətamizdir.

Rusiyanın əsas qüvvələrinin Suriyadan çıxarılmasına istər Rusiya, istərsə də Qərb təhlilçilərinin reaksiyası müxtəlif olub.

Moskvanın pulu qurtarıb?

Londondakı Kral Müdafiə Tədqiqatları İnstitunundan baş elmi işçi İqor Sutyagin BBC Rus xidmətinə deyib:

“Mənim ilkin reaksiyam budur ki, pulları qurtarıb. İkinci səbəb də birinci ilə bağlıdır: şantaj”.

Bəs “İslam Dövləti” nə oldu? Qurtardı? Hara gedirsiniz?

Ekspert deyib ki, Rusiya Suriya kampaniyasının əvvəlində əvəzedilməz oyunçu, faydalı partnyor olacağını elan etmişdi, lakin bunların heç biri baş verməyib.

Sutyaginin fikrincə, Moskvanın pulu qurtarıb və o, vəziyyətin pisləşə biləcəyi ilə şantaj edir.

Təhlilçi düşünür ki, Rusiya bu qərarı ilə yerini şirin salmaq istəyir.

“Xatırlayırsınızmı, bir ay əvvəl, bəlkə də daha az əvvəl Moskva deyirdi ki, bizim qoşunlarımız orada terror üzərində tam qələbəyədək qalacaqlar. İndi bunları xatırlayıb soruşacaqlar: Bəs “İslam Dövləti” nə oldu? Qurtardı? Hara gedirsiniz?” – deyib İqor Sutyagin.

Analitik düşünür ki, Rusiyanı bu addımı atmağa şərait məcbur edib.

Rusiya əsas oyunçu yox, tək oyunçu idi

O deyir ki, “Suriyadakı rus təyyarələri artıq çıxdaş edilməlidir, təzələri isə yoxdur. Nə qədər pul xərclənib”.

İqor Sutyaginin fikrincə, Suriyadakı Rusiya bazası qaldıqca, ruslar ora istənilən an qayıda biləcəklər. Təhlilçi düşünür ki, Rusiya bunu böyük bir ehtimalla Aralıq dənizindəki gəmilərinin sayını artırdıqdan sonra edəcək.

Putin seçkilərə hazırlaşır və belə bir şəraitdə “Suriya” sözü, hətta onun tərəfdarları üçün də getdikcə daha çox “Əfqanıstan” sözü kimi səslənir

Başqa bir tanınmış hökumətyönlü rus politoloq, Qleb Pavlovski də razılaşır ki, Rusiya istənilən vaxt Suriyaya qayıtmaq şəraitini artıq yaradıb.

Üstəlik, onun fikrincə, nə qədər qəfil görünsə də, Putin bu məsələni ABŞ və Assad-la razılaşdırıb.

Politoloq düşünür ki, “Rusiya Suriyada əsas oyunçuya yox, tək oyunçuya çevrilmşdi və bütün xərcləri də o çəkirdi”.

Belə görünür ki, Putin Suriya işlərinə bundan daha dərin qarışmamaq qərarına gəlib.

Rusiya daxilində narazılıq var

Pavlovski düşünür ki, Rusiya bundan sonra Suriyadakı addımlarını yalnız Qərb koalisiyası ilə birlikdə atmağa çalışmalıdır.

Təhlilçinin firkrincə, Rusiya Suriyada müəyyən nailiyyətlər əldə edib. Suriya ordusu və Assad-ın mövqeyi möhkəmləndirilib.

Rusiyada Suriya müharibəsindən narazılıq artır

“İndi isə Putin ölkə daxili üçün müsbət impuls verir. Əlbəttə, daha yaxşı olardı ki, bu, ötən ilin sonunda baş verəydi” – deyib Pavlovski.

Politoloq deyib ki, indi Putin Rusiyanın daxili problemləri ilə daha rahat məşğul olmaq imkanı qazanıb.

“Çünki Rusiyanın daxilində vəziyyət çox ağırdır” - deyib Pavlovski.

Politoloqun fikrincə,ölkə daxilində vəziyyət pis olanda adamları xarici siyasət daha çox hövsələdən çıxarır.

O deyib ki, “Putin seçkilərə hazırlaşır və belə bir şəraitdə “Suriya” sözü, hətta onun tərəfdarları üçün də getdikcə daha çox “Əfqanıstan” sözü kimi səslənir”.

Master və Marqarita

Rusiya Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Boris Makarenko “Moskovski Komsomolets” qəzetinə bildirib ki, məsələ bir az Mixail Bulqakovun “Master və Marqarita”sına bənzəyir.

Suriyaya qoşunların niyə yeridildiyi çox dumanlı izah edilmişdi, indi isə oradan çıxarılmasının səbəbləri də bilinmir.

“İŞİD yerində qalıb, Assad-ın nəzarətindəki ərazi çox da elə genişlənməyib, ABŞ-la münasibətlər yaxşılaşıb, amma bir o qədər də yox, Türkiyə ilə münasibətlər isə uzun müddətə pozulub” - deyir politoloq.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski isə deyir ki, prezidentin qərarını dəstəkləyir. Rusiya qoşunları orada üzərinə düşən vəzifəni yerinə yetirib.

“Yadınıza salım ki, biz Suriyaya gələndə, Assad rejimi iflas ərəfəsindəydi, döyüşlər Dəməşq ətrafında gedirdi. İndi isə ölkə ərazisinin 80-85 faizi hökumətin nəzarətindədir” – deyib Muraxovski.

İndi neftlə məşğul olmaq vaxtıdır...

Politoloq Aleksey Makarkin isə düşünür ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması ağıllı addımdır.

“Qoşunlarımız Assad-ı hakimiyyətdə saxlayan süngüyə çevrilməyəcək. Biz onu xilas etdik. Lakin indi prezident özü bir sıra siyasi addımlar atmalıdır. O yəqin ki, hakimiyyətini müəyyən qədər müxalifətlə bölüşdürmək barədə düşünməli olacaq” – deyib Makarkin.

Putinin Suriya əməliyyatından əsas məqsədi Qərbi, Moskva ilə bərəbərhüquqlu tərəfdaş kimi danışmağa məcbur etmək idi və bu vəzifə yerinə yetirilib

Onun fikrincə, Assad-ın Hələbi alması əməliyyatında Rusiyanın iştirakı o qədər də arzu olunan deyildi.

Bu Türkiyəni müharibəyə dartmış olardı.

Aleksey Makarkin deyib ki, İranla münasibətlər yaxşıdır, lakin indi Səudiyyə ilə də münasibətləri normallaşdırmaq lazımdır.

Ekspertin fikrincə, neft qiymətlərinin sabitləşdirilməsi üçün ərəb ölkələri ilə danışıqların ərəfəsində Rusiyanın Suriyadan çıxması müsbət impuls verəcək.

Moskvadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktoru Anatoli Xramçixin isə RBK saytına deyib ki, Putinin Suriya əməliyyatından əsas məqsədi Qərbi, Moskva ilə bərəbərhüquqlu tərəfdaş kimi danışmağa məcbur etmək idi və bu vəzifə yerinə yetirilib. Hazırda bu məsələ ilə ABŞ və Rusiya məşğuldur, Türkiyə isə kənara itələnib.

Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Pavel Zolotaryov isə düşünür ki, Rusiya Suriyadan, ABŞ-ın Əfqanıstan və İraqdan çıxmasından daha ağıllı çıxa bilib.

Hesabı kim verəcək?

“Britaniyada çıxan “The Guardian” qəzeti də yazır ki, Rusiya bir mənada öz məqsədinə nail olub: “Ukraynadan sonra onu heç kim danışdırmırdı, indi hamı danışdırır”.

“The Guardian” Rusiya qoşunlarının çıxarılması barədə konkret fikir söyləməyin hələ çox tez olduğunu yazır.

“Rusiya hələlik prosesin yalnız startını verib, lakin onun nə vaxt başa çatacağı, Suriyadan nə qədər qoşunun gedib, nə qədər qoşunun qalacağı bəlli deyil”.

Bəzi Qərb təhlilçiləri isə bu qənaətdədirlər ki, ictimai rəyə, ələlxüsus da beynəlxalq ictimai rəyə həssas olan Putini Qərb mətbuatının yazdıqları ilə müfəssəl tanış ediblər.

Suriya kampaniyasının əvvəlində əksər ABŞ və Qərb qəzetləri Suriyanın “Putinin Əfqanıstanı” olacağını proqnozlaşdırmışdılar.

Rusiya lideri bu proqnozları doğrultmamaq qərarına gəlib.

Elə bu həftəsonu “The Guardian” yazırdı ki, “Suriya münaqişəsi qurtarır və onu xarabalardan təmizləyib yenidən qurmaq xərclərini qaliblər çəkməli olacaqlar, yəni Rusiya və İran”.

Belə görünür ki, Rusiya hesabı ödəməyəcək.