Moskva Rusiya təyyarələrinin Suriyada azı 23 dinc sakini öldürdüyünü danır

Ağ Dəbilqəlilər iyulun 22-də dağıntılar arasında

Rusiyanın Müdafiə Nazirliyi Rusiya hərbi təyyarələrinin Suriyada qiyamçıların əlində olan Məarat ən-Nüman şəhərində bazarı vuraraq azı 23 sakini öldürdüyünü və daha onlarca insanı yaraladığını inkar edib.

Suriyanın müxalifət liderləri və müharibəni monitorinq edən qrup iyulun 22-də İdlib qəzasındakı bazar və onun yaxınlığındakı yaşayış məhəllələrinə hava zərbələrini ya Rusiya, ya da Suriya hökumət təyyarələrinin endirdiyini deyirlər.

Moskva bu xəbərləri “saxta” adlandırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, onun hərbi-hava qüvvələri Suriya Ərəb Respublikasının adı çəkilən hissəsində heç bir reyd keçirməyib.

Lakin Britaniyada mənzillənmiş Suriya İnsan Haqlarının Müşahidə Qrupu xəbər verir ki, bu hava hücumu zamanı 23 dinc sakin həlak olub və ölü sayı bundan sonra da arta bilər. Beləki zərbə nəticəsində çox sayda insan yaralanıb.

Lakin Suriyanın şimalında fəalların Tiqa xəbər agentliyi bildirib ki, hava zərbələri nəticəsində azı 27 nəfər həlak olub.

Suriya Mülki Müdafiəsi və ya Ağ Dəbilqəlilər kimi tanınan qrup bildirib ki, bazara endirilmiş hava zərbələrində onların həmkarlarından biri də həlak olub.

Bundan əvvəl fəallar xəbər verirdilər ki, İdlib qəzasında iyulun 21-də azı 11 dinc sakin həlak olub.