Rusiya ABŞ-nin atəşkəs təklifini qəbul edəcəkmi?

Martın 12-də Putin hərbi geyimdə Kursk vilayətinə gedib.

Martın 12-də Putin hərbi geyimdə Kursk vilayətinə gedib.

ABŞ prezidenti Donald Tramp yanvarda ikinci müddətə prezidentliyə başladıqdan sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çalışır. İlk dəfədir ki, indi Kiyev deyil, Moskva sülh axtarışına sadiqliyini göstərmək üçün ABŞ-nin daha çox təzyiqi altındadır.

Prezident Tramp bildirib ki, ABŞ rəsmiləri martın 12-də Moskvaya yola düşüb. Martın 11-də Səudiyyə Ərəbistanında keçirilən görüşdə isə Ukrayna ABŞ-nin dərhal qüvvəyə minəcək 30 günlük atəşkəs planını qəbul edib.

Rusiya bu təklifi qəbul edəcəkmi? Qəti "yox" mümkündür, lakin bu, heç də əvvəlcədən müəyyən edilə biləcək bir cavab deyil.

"Ən ağıllı ehtimallar Rusiyanın atəşkəs təklifini rədd edəcəyi istiqamətdə olsa da, mən bunu tamamilə istisna etməyə tələsməzdim", -London Kral Kolleci nəzdində Rusiya İnstitutunun professoru Sem Qrin bloq yazısında bildirib. "Moskva Avropa siyasətinin inkişaf trayektoriyasını necə dəyərləndirəcəyindən asılı olaraq, atəşkəsin onun maraqlarına uyğun olduğuna qərar verə bilər".

Burada üç ehtimal var.

Birbaşa imtina

Əgər Rusiyanın addımları onun ictimai bəyanatları ilə üst-üstə düşsə, rədd cavabı açıq şəkildə ən mümkün ssenaridir. Putin və digər Rusiya rəsmiləri dəfələrlə bildirib ki, Moskvanın istədiyi sadəcə atəşkəs deyil, həm də müharibənin "köklü" səbəblərini həll edəcək hərtərəfli sülh sazişidir.

Putin 2022-ci ilin fevralında Ukraynanı tabe etmək məqsədilə genişmiqyaslı işğala başlayıb və bu açıqlamalar göstərir ki, Rusiya döyüşləri dayandırmağa hazır olmaya bilər. Ən azı, Kremlin tələblərinə cavab verən bir razılaşma əldə olunmayana qədər. Bu tələblərə, digərləri ilə yanaşı, Ukraynanın neytrallığı, ordusunun kiçildilməsi və Kiyevdə hakimiyyət dəyişikliyi, yaxud ən azı prezident Volodimir Zelenskinin vəzifədən getməsi üçün açıq bir yolun müəyyən edilməsi daxildir.

Rusiya, həmçinin, Ukraynanın hüdudlarından kənara çıxan bir razılaşma istəyir. Buna isə Şərqi Avropada NATO-nun nüfuzunu azaltmaq və bütün qitəyə təsir göstərən təhlükəsizlik qərarlarında Moskvanın daha böyük rol oynamasını təmin etmək daxildir. Bu hədəflər isə müvəqqəti atəşkəs çərçivəsindən xeyli kənara çıxır. Üstəlik, Rusiya qüvvələrinin şərqi Ukraynada yavaş, lakin davamlı irəliləməsi və Kiyev qüvvələrinin Rusiyanın Kursk bölgəsində geri çəkilməsi fonunda Putin indi atəşkəsə razılaşmaq üçün ciddi səbəb görməyə bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Russians React With Caution To Cease-Fire Proposal With Ukraine


Rusiya parlamentinin yuxarı palatası-Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov bunu açıq şəkildə nəzərdə tutaraq martın 12-də bildirib ki, Vaşinqton başa düşməlidir: "Həqiqi razılaşmalar hələ də... cəbhə xəttində yazılır".

Bundan əlavə, atəşkəs təklifinin qəti şəkildə rədd edilməsi müharibə tərəfdarı olan rusiyalı bloqerlər və Putinin çevrəsindəki sərt xətt tərəfdarlarını məmnun edər. Onlar bu cür razılaşmanı Kremlin geri çəkilməsi kimi qiymətləndirə bilərlər.

Şərtsiz qəbul

Bu amillər Rusiyanın atəşkəs təklifini qeyd-şərtsiz qəbul etməsi ehtimalının çox az olduğunu göstərir. Bir digər amil isə odur ki, əgər Kreml müvəqqəti atəşkəsi qəbul etməyi düşünürsə, o zaman bu razılaşmada öz izini qoymaq istəyəcək.

"İstənilən razılaşma... Amerikanın şərtləri ilə deyil, bizim şərtlərimizlə olacaq", - Kosaçyov Telegram-da yazıb.

"Bəli, amma..."

Təklifin şərtsiz qəbulu mümkün görünməsə də, Rusiya atəşkəsin onun maraqlarına uyğun olduğuna qərar verə bilər, - Rusiya üzrə analitik S.Qrin bloq yazısında qeyd edib. Onun fikrincə, əgər Putin təklifi öz hədəflərinə yaxınlaşmaq üçün yaxşı bir fürsət olaraq görsə, onu qəbul edə bilər.

"Moskvanın əsas məqsədi Ukrayna üzərində hökmranlıqdır. Döyüş meydanında buna nail olmaq mümkün olmadıqda Rusiya təcavüzün bərpası təhlükəsi ilə nəzarəti - müvəqqəti və ya yox - həyata keçirməkdən xoşbəxt ola bilər", - o yazıb. "Şərtlər təcavüzün bərpasına qarşı real maneə yaratmırsa, atəşkəs Rusiyaya Ukrayna üzərində istədiyi dərəcədə nəzarət imkanı verə bilər".

S.Qrin əlavə edib ki, Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsi Moskvanın hesablamalarına təsir göstərə bilər: "Əgər Moskva Avropanın qüvvələr göndərməkdə ciddi olduğunu düşünərsə, o zaman Moskva Avropa təşkilatlanmazdan əvvəl atəşkəsə razılıq verə bilər və sonra atəşkəsi qorumaq üçün şərt olaraq qoşunların (Avropa sülhməramlılarının) olmamasını tələb edə bilər".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Meaningless Without Russia': Ukrainians React To Proposed Cease-Fire Deal


London Universitet Kollecinin (UCL) Slavyan və Şərqi Avropa Araşdırmaları İnstitutunun fəxri professoru Mark Qaleotti Putinin çətin seçim qarşısında olduğunu bildirib.

"Sərt xətt tərəfdarları artıq iddia edirlər ki, bu, Rusiyanın döyüş meydanındakı irəliləyişini itirməkdir", - o, "The Spectator" jurnalında yazıb. "Eyni zamanda, təklifi rədd etmək.. Ukraynanın 1/5-ini ələ keçirmək və azından ABŞ ilə münasibətləri qismən normallaşdırmaq üçün misli görünməmiş fürsəti itirmək olardı".

Qaleottinin fikrincə, Putin düşünə bilər ki, atəşkəsi qəbul etmək Qərbin Rusiyaya qarşı sanksiyalarını azaltmağa kömək edə bilər. Putin, eyni zamanda, təklifin rəddinin Trampın Moskvaya qarşı daha sərt mövqe tutmasına səbəb olacağından narahat ola bilər. Martın 12-də Tramp bildirib ki, əgər Rusiya inadlı davranarsa, ABŞ əlavə sanksiyalar tətbiq edə bilər, lakin o əlavə edib: "Ümid edirəm ki, buna ehtiyac olmayacaq".

Kremlin keçmiş müşaviri Sergey Markov isə bildirib ki, digər mümkün şərt atəşkəs dövründə Qərbin Kiyevə hərbi yardımının dayandırılması ola bilər.

"Rusiya atəşkəs təklifinə cavab olaraq 'xeyr' demək əvəzinə, "bəli, amma..." deyə bilər. Yəni, Ukraynaya silah tədarüklərinin həmin bütün müddət ərzində qadağan edilməsi şərti ilə 30 günlük atəşkəs təklifini qəbul etmək", - Markov Telegram-da yazıb.

Lakin Rusiya atəşkəs təklifinə qəti cavabını ABŞ və Ukraynanın istəyəcəyi qədər tez verməyə bilər.

"Bloomberg News" martın 12-də vəziyyətdən xəbərdar bir neçə mənbəyə istinadən bildirib ki, "Putin, Moskva üçün ən əlverişli şərtlərin təmin edildiyindən əmin olmaq üçün Ukraynadakı döyüşlərin dayandırılması ilə bağlı razılaşma üçün vaxtı uzatmağa çalışacaq".

"Kreml atəşkəsə maraq göstərdiyinə dair heç bir işarə verməyib və əslində onun bunda maraqlı olmadığına dair çoxlu işarələr var. Bütün bunlar boş hədələmə ola bilər, amma onlar həm razılaşmanın sürəti, həm də konturları ilə bağlı Vaşinqtonu çətin vəziyyətə salmağa çalışacaqlar", - S.Qrin X sosial media hesabında bildirib.

Yazı AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus masasının redaktoru Stiv Qutterman tərəfindən hazırlanıb.