Ukrayna qüvvələrinin Rusiya daxilində döyüşdüyü xəbər verilir

Odessa vilayətində Rusiyanın dron zərbəsindən sonra yanğınsöndürənlər hadisə yerində işləyirlər.

Ukrayna dekabrın 17-də Rusiya daxilində aerodromu və ətraf əraziləri hədəfə alıb. Region rəsmisi kütləvi dron zərbələrinin endirildiyini deyib. Hər iki tərəfdən qüvvələrin Rusiya daxilində, sərhəd yaxınlığında yerləşən Terebreno kəndi ətrafında bir-birinə atəş açdığı xəbərləri gəlir.

Kremli tənqid edən Rusiya Telegram kanalı və müstəqil "Astra Press" xəbər orqanının yaydığı videolarda Morozovsk şəhəri üzərində dronların uçduğu görünür. Orada Rusiyanın 559-cu bombardmançı aviasiya alayı yerləşir, Ukraynaya qarşı istifadə olunan Su-24, Su-24M, Su-34 bombardmançıları orada yerləşir.

Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev hava bazasının adını çəkməsə də, Morozovsk və başqa bir şəhər yaxınlığına kütləvi dron zərbələrinin gerçəkləşdiyini, onlardan çoxunun vurulduğunu deyib.

Terebreno döyüşləri

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb ki, Terebreno kəndi Ukrayna Silahlı Qüvvələrinin atəşi altındadır. Bu kənd sərhədin 5 kilometrliyində yerləşir. O, bir neçə kənddə elektrik xətlərinə ziyan dəydiyini qeyd edib.

"Baza" Telegram kanalı döyüşün səhər saat 11 radələrində başladığını, Ukrayna diversant qrupu tərəfindən aparıldığını deyib. Kanalın yazdığına görə, Terebrenoda 200-dək adam yaşayır, onlar evakuasiya olunmayıb, sığınacaqlarda gizləniblər.

Ukrayna rəsmiləri məlumatları şərh etməyiblər, tərəflərdən gələn döyüş xəbərlərini müstəqil təsdiqlətmək mümkün olmayıb.

Bu arada Rusiya qüvvələrinin Ukraynanın Xerson və Sumı vilayətlərini atəşə tutduğu, iki nəfərin həlak olduğu, Daryovka kəndində isə altı polis əməkdaşının yaralandığı bildirilir.

Ötən gecə Ukrayna Rusiyanın cənubuna və qərbinə onlarla dron buraxıb. Moskva isə Ukrayna daxilində ərazilərə azı bir ballistik və bir qanadlı raket, dronlarla hücum edib.