Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi keçirilib, hər iki tərəfdən 175 hərbi əsir azad olunub. Bu barədə xəbər agentlikləri Rusiyanın Müdafiə Nazirliyinə istinadla yazır.
Bəyanatda deyilir ki, Ukraynaya “xoş niyyət əlaməti olaraq” Ukrayna Hərbi Qüvvələrinin 22 ağır yaralı hərbçisi də təhvil verilib. Onlar təcili tibbi yardıma ehtiyacı olanlardır. Kreml bundan öncə 23 yaralını təhvil verəcəyini bildirmişdi.
Əsir mübadiləsinin anonsu ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında dünənki telefon söhbətindən sonra verilmişdi. Əsirlərin Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə dəyişdirildiyi bildirilir.
Ukrayna prezidenti Volodimir Zelenski də əsir mübadiləsinin gerçəkləşdiyini təsdiqləyib.