Noyabrın 13-də Rusiyanın TASS və "RIA Novosti" dövlət xəbər agentlikləri Müdafiə Nazirliyinə istinadla yazıb ki, "qoşunlar Dnepr çayının şərqinə doğru daha əlverişli mövqelərə dislokasiya olunur". Ancaq bu informasiya bir neçə dəqiqə sonra silinib.
Məlumatda deyilirdi ki, "Mövcud vəziyyəti dəyərləndirən "Dnepr" qrupunun komandanlığı qoşunları Dnepr çayının şərqində daha əlverişli mövqelərə köçürmək qərarına gəlib. Ondan sonra qüvvələrin bir hissəsi azad ediləcək ki, bu da digər istiqamətlərdə hücum üçün istifadə olunacaq".
Rusiya Müdafiə Nazirliyi geriçəkilmə barədə xəbərı "saxta" adlandırıb: "Guya Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzinin adından Dnepr bölgəsində qoşunların "yenidən qruplaşdırılması" ilə bağlı yalan xəbərin göndərilməsi təxribatdır".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dnepr bölgəsindəki vəziyyətlə bağlı sualı Müdafiə Nazirliyinə ünvanlamağı tövsiyə edib.
Silinmiş məqalələrin dili ötən il Rusiya qoşunlarının işğal olunmuş Xarkov və Xerson vilayətlərindən çıxarılmasının elanına bənzəyir. İşğalçı qüvvələr Ukraynanın qəfil hücumları qarşısında geri çəkilməli olmuşdular.
Amerika Müharibə Araşdırmaları İnstitutunun noyabrın 13-də bildirdiyinə görə, Ukrayna qüvvələri son günlər Rusiya işğalı altında olan cənubi Xerson vilayətinin bəzi hissələrində, Dnepr çayının sol sahilində əməliyyatlarda "kiçik uğur" qazanıblar.