Sərhəd xidməti: Rusiya sərhədçiləri Ukrayna vətəndaşlarını ölkəyə buraxmır (Video)

Rusiya-Ukrayna sərhədi

Ukraynanın Dövlət sərhəd xidməti bildirir ki, Rusiya sərhədçiləri Ukrayna vətəndaşlarını kütləvi şəkildə Rusiyaya buraxmır.

Xidmət, son günlər bununla bağlı Ukrayna vətəndaşlarından xeyli şikayət daxil olduğunu bildirir.

Məlumatda deyilir ki, təkcə son 3 gün ərzində Xarkov vilayətindəki “Nexoteevka” sərhəd-buraxılış məntəqəsindən 90-a yaxın Ukrayna vətəndaşı Rusiyaya buraxılmayıb.

Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya sərhədçiləri ya Rusiya ərazisinə iri mühərrikli avtomobillərin buraxılmaması ilə bağlı hansısa fərmanı əsas gətirir, ya da ümumiyyətlə heç bir səbəb göstərmirlər.

Həmçinin xidmətdən bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti-nin əməkdaşları videoçəkiliş aparır və Ukrayna vətəndaşlarını məcbur edirlər desinlər ki, onlar öz istəkləri ilə Rusiyaya getməkdən imtina edirlər.

Rusiya sərhədçiləri hələlik bu məlumata münasibət bildirməyib.

Ukrayna ötən ilin noyabrında Rusiya ilə sərhəd bölgəsində 30 günlük hərbi vəziyyət rejimi elan etdikdən sonra Rusiya vətəndaşlarının Ukrayna ərazisinə keməsi çətinləşib.

Xüsusilə 16-60 yaş arası kişilərin Ukrayna ərazisinə keçməsi məhdudlaşdırılıb və onlar sərhədi fərdi qaydada xüsusi yoxlamadan sonra keçə bilərlər.

Məlumatlara görə, bu müddət ərzində 1000-dən çox Rusiya vətəndaşının Ukraynaya keçməsinə icazə verilməyib.

Rusiya hakimiyyəti isə bildirir ki, sərhəddə heç bir məhdudiyyət tətbiq edilməyib. Amma dəfələrlə Ukrayna vətəndaşlarının Rusiya ərazisinə buraxılmaması halları müşahidə olunub.