Ukrayna ordusu ötən gecə rekord sayda Rusiya dronunun buraxıldığını deyir

Rusiya raket və dronlarla Kiyevə zərbələr endirir

Ukrayna ordusu Rusiyanın ötən gecə 90 dron buraxdığını iddia edib, bu hücumun rekord miqyasda baş verdiyini deyib.

Hava Qüvvələrinin yanvarın 1-də Telegram postunda yazdığına görə, İran istehsalı 87 "Şahed" dronu məhv edilib, havadan müdafiə sistemləri ölkə boyunca işləyir.

Qara dəniz sahilindəki Odessa şəhərinə hücumda bir dinc sakin öldürülüb, doqquz nəfər yaralanıb. Məlumatı regional administrasiya başçısı Oleh Kiper verib.

Ukraynalılar 2024-cü ili Rusiyadan yeni hücumları gözləməklə qarşılayıb.

+++

Rusiya hakimiyyəti dekabrın 31-də bildirib ki, Belqorod şəhərinə hücumda ölü sayı 24 nəfərə çatıb, onlarla adam yaralanıb. Bu hücumu Ukraynanın gerçəkləşdirdiyi güman olunur, Kreml isə sərhəddən 25 km içəridə baş verən hücuma görə qisas alınacağını deyib.

Kiyev Belqoroda hücumu şərh etməsə də, əvvəllər Rusiya qüvvələrinin bu regiondan Ukrayna şəhərlərinə hava zərbələri üçün istifadə etdiyini vurğulayıb.

Zelenski və Putinin yeni il çıxışları

Ukrayna prezidenti Volodimir Zelenski Yeni il müraciətində deyib ki, "biz ukraynalılar hamıdan yaxşı bilirik ki, daha yaxşı gələcək özü-özünə gəlməyəcək, çünki biz hər sabahımızı öz əllərimizlə müdafiə edirik".

Rusiya prezidenti Vladimir Putin isə dövlət televiziyası ilə yayımlanan illik müraciətində rusiyalıları geriyə baxmamağa, irəliləyək gələcəyi yaratmağa çağırıb. O, 2022-ci ilin fevralında qonşu Ukraynanı işğal edən Rusiya ordusunu tərifləyib.

Putin Kremlin fonunda etdiyi çıxışında dekabrın 30-da Belqoroddakı insidentdən danışmayıb.

Çəkiliş heyəti vurulub

Ukrayna rəsmiləri 1.4 milyon əhalisi olan Xarkov şəhərinə hücumlarda 28 nəfərin yaralandığını, 12 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Yaralılar içində Böyük Britaniyadan jurnalistin olduğu açıqlanıb.

Almaniyanın ZDF televiziyası yeddi nəfərlik çəkiliş heyətinin Rusiyanın otelə zərbəsinə tuş gəldiyini, ukraynalı tərcüməçinin ciddi xəsarət aldığını bəyan edib. "Bu, Rusiyanın azad mətbuata daha bir hücumudur", - ZDF-in baş redaktoru Bettina Şausten deyib.

Rusiyanın dekabrın 29-na keçən gecə Ukraynaya kütləvi raket və dron hücumunda ölənlərin sayı isə 39-u keçib, azı 160 nəfər xəsarət alıb. Beynəlxalq ictimaiyyət bu intensiv bombardmanı kəskin qınayıb.