Rusiya ABŞ-ı Ukrayna müharibəsində birbaşa iştirakda ittiham edir

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı işlər müvəkkili Stefani Holmsa ABŞ media nümayəndələrinin Kursk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinə gəlməsi və ABŞ özəl hərbi şirkətinin döyüşlərdə Ukraynanın tərəfində vuruşmasına dair iddialarla bağlı etiraz notası təqdim edib.

Rusiya XİN-in bəyanatında bu ittihamlar ABŞ-ın Ukrayna müharibəsində birbaşa iştirakının sübutu və Zelenskinin “məkrli planı” kimi səciyyələndirilir.

AzadlıqRadiosunun CurrentTime layihəsi telekanalının verdiyi məlumata görə Rusiya XİN özəl hərbi şirkət dedikdə, ehtimalən Forward Observation Group (FOG) şirkətini nəzərdə tutur.

2022-ci ildə Rusiya XİN bu şirkəti artıq Ukraynada kimyəvi hücuma hazırlıqda ittiham etsə də, heç bir dəlil-sübut göstərməmişdi.

“Voks Ukraina” saytı bildirir ki, FOG şirkəti əməkdaşlarının bir hissəsi könüllü olaraq Ukrayna silahlı qüvvələrinə qoşulub.

Bəyanatda ABŞ mediasının adının çəkilməsi isə CNN-nin Ukraynanın Kurskda nəzarət etdiyi Suca şəhərindən reportaj hazırlaması ilə bağlıdır.

Ukrayna ordusu özü ilə birlikdə bu şəhərə Qərb müxbirləri də daxil bir qrup jurnalist gətirib.

Rusiya XİN Rai 1 telekanalının hazırladığı reportaja görə İtaliyaya da etiraz notası verib.