Rusiya yenidən Olimpiya oyunlarına buraxılmamaq təhlükəsi ilə üz-üzədir.
Bu barədə noyabrın 22-də Ümumdünya Antidopinq Agentliyi (WADA) məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, qurumun icrayyə komitəsinin dekabrın 9-da Parisdə keçiriləcək iclasına Rusiya Antidopinq Agentliyinin (RUSADA) statusunun geri alınması üçün tövsiyə göndərilib.
Əgər İcraiyyə komitəsi Rusiya agentliyini "uyğunsuz" kimi tanıyarsa, bu Rusiyanın Tokio Yay Olimpiya oyunlarında iştirakdan məhrum olmasına və ölkəyə qarşı digər sanksiyaların tətbiqinə səbəb ola bilər.
2014-cü ildə Soçi Olimpiyadasındakı dopinq qalmaqalından sonra qurulan qaydalara görə, ruslar istənilən cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilərlər.
Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya Antidopinq Agentliyi və ya məhkəmənin qərarlarına əməl etməyə borcludur.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach tam qadağanı dəstəkləmədiyini deyib. Qaydalar isə ciddi pozuntuya yol verən idmançıların oyunlardan uzaqlaçdırılması və növbəti oyunlara buraxılmamasını nəzərdə tutur.
Rusiya 2018-ci il Cənubi Koreyada keçirilən qış olimpiya oyunlarında iştirak etmək hüququndan məhrum edilib. Beynəlxalq Olimpiya Komitəsi həmin oyunlarda təxminən 170 Rusiya atletinin yalnız müstəqil şəkildə iştirakına icazə verib. Məlumatda qeyd olunur ki, oxşar qərar 2020-ci il iyulun 24-də Tokioda keçirilicək olimpiya oyunlarından əvvəl də verilə bilər.
Rusiya tərəfinin laboratoriya məlumatlarını saxtalaşdırma şübhələrindən sonra Ümumdünya Antidopinq Agentliyi araşadırmaları yenidən başlayıb.