Baş Qərargah rəisinin müavini korrupsiya işi üzrə həbs edilib

Vadim Şamarin (sağda) Rusiya Müdafiə Nazirliyi kollegiyasının iclasında.

Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edib. Bu barədə RBK-ya məhkəmənin mətbuat xidmətindən bildirilib.

Hələlik, ittihama onun münasibəti bəlli deyil.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, generalın evində axtarış aparılıb. Daha sonra o, dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

V.Şamarin Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi vəzifəsini tutur. Bundan əvvəl qoşunlarda rabitəyə cavabdeh olan daha iki yüksək rütbəli general həbs edilmişdi.

2020-ci ildə V.Şamarinin idarə rəisi vəzifəsində sələfi general-polkovnik Xəlil Arslanov korrupsiya işi üzrə həbs edilib. O, 6.7 milyard rublu (74 milyon 300 min dollar) mənimsəməkdə ittiham olunub. Söhbət telekommunikasiya avadanlıqlarının şişirdilmiş qiymətlərlə tədarükündən gedirdi.

Uzun illərdir ki, hərbi ekspertlər müasir kommunikasiyaların çatışmazlığını Rusiya ordusunun əsas problemlərindən biri adlandırırlar. Qeyd olunur ki, bu, həm 2008-ci ildə Gürcüstanda hərbi münaqişə zamanı, həm də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü zamanı yüksək itkilərə səbəb olub.

14 may 2024

Yuri Kuznetsov

Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi saxlanıb

Rusiya Müdafiə Nazirliyi (MN) Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov korrupsiya işi ilə bağlı həbs edilib, - İstintaq Komitəsi mayın 14-də səhər saatlarında bildirib.

General kommersiya strukturlarının nümayəndələrindən onların xeyrinə müəyyən hərəkətlər etmək üçün rüşvət almaqda şübhəli bilinir.

İstintaq Komitəsinin məlumatına görə, axtarışlar (iş yerində, evində) zamanı 100 milyon rubldan (1 milyon 96 min dollar) çox pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilərək müsadirə olunub.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan MN tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğul olur.

Kuznetsov 2023-cü ilin mayında Rusiya MN Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Buna qədər, aprelin 23-də İstintaq Komitəsi MN-nin rəis müavini general Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlandığını elan edib. İvanov hərbi tikinti kompleksinə nəzarət edirdi. Ertəsi gün Moskvanın Basman məhkəməsi istintaqın tələbi ilə generalı ilkin dövr üçün iyunun 23-dək həbsə göndərib.

Buna da bax: Rusiya müdafiə nazirinin müavini saxlanıb. Navalnı yazırdı...

Onunla birlikdə iş üzrə digər təqsirləndirilən - işadamı Sergey Borodin də məhkəməsinə qədər 2 ay müddətinə həbs edilib. Aprelin 25-də bu işlə bağlı üçüncü təqsirləndirilən– "Olimpsitistroy" şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Mayın 12-də müdafiə naziri Sergey Şoyqu vəzifəsindən uzaqlaşdırılıb. O, Nikolay Patruşevin yerinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.