Rusofobiyaya görə cəza Rusiya Cinayət Məcəlləsinə salınacaq

Rusiya Cinayət Məcəlləsi

Rusiya hakimiyyəti ölkənin Cinayət Məcəlləsinə rusofobiyaya görə cəzanı daxil edəcək. "Rusofobiya" xaricdə rusiyalı vətəndaşlara və Rusiya Federasiyası rezidentlərinə qarşı əcnəbilər və xarici məmurlar tərəfindən diskriminasiyanı, yaxud belə hərəkətlərə çağırışları ehtiva edir.

"Interfax" xəbər agentliyi sentyabrın 23-də yazıb ki, bir qrup deputatın hazırladığı qanun layihəsini təsdiqləyən sənədi əldə edib. Bu layihədə deyilir ki, rusofobiyada ittiham olunanlar qiyabi mühakimə oluna bilərlər.

Cəzası nə olacaq

Hökumət layihəni təsdiqləsə də, rusofobiyada təqsirli bilinənlər üçün cəzaya yenidən baxılmalı olduğunu bildirib.

Qanun layihəsinə görə, rusofobiyaya görə cəza təqsirli bilinənlərin müəyyən postları tutmasını, Rusiyada müəyyən fəaliyyətlə məşğul olmasını yasaqlamalıdır.

Ancaq hökumətin mövqeyi belədir ki, belə bir cəzanın mənası yoxdur, çünki Rusiyadan kənarda yaşayanlara təsiri olmayacaq.

Cinayət Məcəlləsinə əlavə olunacaq maddə yalnız xaricdə rusofobiya halları üçün cəzaları nəzərdə tutacaq. Sənəddə rusiyalı vətəndaşlar və Rusiya Federasiyasının rezidentlərinə qarşı nəyin diskriminasiya sayıldığını detallı göstərilmir.

Rusofobiya Ukrayna müharibəsi fonunda

Son illər, xüsusilə Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan Moskva Qərb rəsmilərini rusofobiyada ittiham edib.

Prezident Vladimir Putin Qərbdə "rus mədəniyyətinin ləğvi"ndən açıq şəkildə danışıb.

Rusiya Xarici İşlər Nazirliyi Qərbin Rusiya rəsmilərinə, qurumlarına qarşı sanksiyalarını "rusofobiyanın ifadəsi" adlandırıb. Sanksiyalar Moskvanın Ukraynaya qarşı tammiqyaslı təcavüzündən sonra qoyulub.

Rusofobiya terminini ilk dəfə 19-cu əsrdə rusiyalı şair və diplomat Fyodor Tyutçev qərbpərəst rusiyalı liberallar barədə işlədib.

Yel Universitetində tarix professoru Timoti Snayder 2023-cü ilin martında BMT-nin Təhlükəsizlik Şurasında təqdimatında deyib ki, müasir Rusiya rusofobiyadan silahlı qüvvələrinin Ukraynada şübhəli hərbi cinayətlərini əsaslandırmaq üçün alət kimi istifadə edir.