Sabirabad rayonunda bu gün, dekabrın 1-də 1 yaşlı uşağın qızılcadan vəfat etdiyi deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: "Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub".
Məlumata görə, azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib, amma həkimlərin səylərinə baxmayaraq, dekabrın 1-də saat 00:15 radələrində o, vəfat edib: "Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub".
Bu deyilənlərə uşağın valideynlərindən münasibət almaq mümkün olmayıb.
TƏBİB vətəndaşlara müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.
Yerli mediada bundan bir neçə gün əvvəl də Azərbaycanda qızılcadan ölüm halının olması ilə bağlı məlumat yayılmışdı.
Distant tədrisə keçilib
Bakıdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində qızılca səbəbindən distant tədris tətbiq olunub. Dərslər 14 gün distant formada keçiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, analoji vəziyyət, hələlik, başqa heç bir məktəbdə müşahidə edilmir.
Buna da bax: Son aylar qızılcaya yoluxanların sayı kəskin artıb