Sabirabad rayonunda bir neçə şəxsin qarayara xəstəliyinə yoluxduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, xəstəlikdən hətta vəfat edən var.
«Onun 60 yaşı var. Xəstəxanada vəfat edib. Bir neçə nəfər qəssab Bakıda xəstəxanada yatır. Bir qəssab isə artıq sağalaraq evə buraxılıb», - yerli sakinlər bildiriblər.
«Turan» agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyindən də Sabirabad rayonundan bir nəfərin qeyd edilən xəstəlikdən öldüyünü təsdiqləyiblər. Amma bu hadisənin ötən ayın sonunda baş verdiyi vurğulanıb:
Buna da bax: İmişlinin bir kəndində qarayara yayıldığı söylənir«İyulun sonunda Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. İlk öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını ehtimal ediblər. Analizləri İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndəriləndən sonra məlum olub ki, onlar qarayara xəstəliyinə yoluxub. İyulun 25-də xəstələr ağır vəziyyətdə paytaxta – Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da onlardan biri dünyasını dəyişib. Hazırda digər xəstənin müalicəsi davam edir».
Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, məsul şəxslər məzuniyyətdədir deyə, bu məsələ barədə danışa bilməzlər.
Buna da bax: Cənub bölgəsində dəhşətli xəstəlik yayılıbQonşu İmişli rayonunda...
Bu həftənin əvvəli, İmişli rayonunun Muradxanlı kəndində də qarayara xəstəliyinə yoluxanların olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatı İmişli Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Şahin Əliyev də təsdiqləmişdi.
«Ajiotaj doğurası bir hal yoxdur. Bu xəstəlik Muradxanlı kəndində 3-ü kişi, 2-si qadın olmaqla, ümumilikdə 5 nəfərdə aşkarlanıb. Onlar da bir ailənin üzvü, yaxud qapıbir yaşayan yaxın qohumlardır. Ehtimal edilir ki, şəxsi təsərrüfatda saxlanan bir heyvanın kəsimi zamanı infeksiya bunlara düşüb. Xəstəlik yüngül-dəri formasındadır. İnsan həyatı üçün ciddi təhlükə doğura biləcək halda deyil. Qida Təhlükəsizliyi Agentliyi ərazini nəzarətə götürüb, mütəxəssislər araşdırma aparır. Heyvanlardan, torpaqdan xeyli nümunələr götürülüb. Muradxanlı qapalı kənd olduğundan törədicinin başqa yerdən gəlməsi, yaxud buradan ətraf ərazilərə yayılması ehtimalı da yoxdur», - deyə o qeyd etmişdi.
Həkim rəyi
Həkim-ekspert Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, qarayara çox təhlükəli infeksion xəstəlikdir: «Xəstəlik, adətən, adamlara təmasda olduqları heyvanlardan keçir. O, tez yayılır və bütün daxili orqanları zədələyir. Bu da ölümə gətirib çıxara bilir».
Ekspert qeyd edib ki, xəstəlik adamda aşkarlanarsa, o, mütləq xəstəxanaya yerləşdirilir, müalicəsi aparılır və yaşadığı yer dezinfeksiya edilir. A.Qeybullanın vurğulanmasına görə, qarayara xəstəliyinə qarşı vaksin var: «Bu vaksin Fransada ixtira edilib. Sovet vaxtında isə onu Rusiya istehsal edirdi. İndi da istehsal edir və onu əlbəttə ki, Azərbaycana gətirmək olar».
Xatırlatma
Qarayara «Sibir xorası» (yun. anthrax - kömür) da adlandırılır. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi «bədxassəli çiban» da adlandırırlar.
Qarayara xəstəliyinə yoluxan heyvanla təmas və onun ətindən qidalanmaq qəti yolverilməzdir.