Qarabağdakı separatçı rejimin liderinin Birləşmiş Ştatlara səfəri rəsmi Bakının sərt etirazına səbəb olub.
Bako Sahakyanın bu səfəri haqqında çox az məlumat var və onun bu səfər zamanı hər hansı ABŞ rəsmiləri ilə görüşüb-görüşməyəcəyi məlum deyil. Erməni mənbələri onun martın 13-də Ermənistanın ABŞ-dakı səfirliyinə gəldiyini xəbər veriblər.
AzadlıqRadiosu xəbər verir ki, Sahakyanın səfərindən əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Bakının Dövlət Departamentinə ünvanlanmış rəsmi notası təqdim edilib.
Bu notada Azərbaycan hökuməti Birləşmiş Ştatları “beynəlxalq norma və qanunlara riayət etməyə, habelə öz ərazisində Azərbaycanın suverenliyini pozan hərəkətlərin yer almasına yol verməməyə çağırır”.
Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib ki, Sahakyanın səfəri Dağlıq Qarabağa dair danışıqlar prosesinə ciddi ziyan vuracaq.
Sahakyanın mətbuat ofisi bildirib ki, bu səfər zamanı “Birləşmiş Ştatlar və iki erməni dövləti arasındakı münasibətlərə dair məsələlər müzakirə olunacaq”.
Bu da xəbər verilir ki, Bako Sahakyan “Dağlıq Qarabağın Birləşmiş Ştatlardakı nümayəndəliyinə” baş çəkəcək”.
Ermənistanın dövlət Armenpress agentliyi xəbər verir ki, Sahakyan həm də ABŞ-da böyük erməni icmasının olduğu Kaliforniyanın Qlendeyl şəhərində olacaq.
Bu da bildirilir ki, şəhər şurası Qlendeyldə bir küçəyə “Artsax” adının verilməsi barədə qərar qəbul edib.