Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.
Dünən, noyabrın 6-sı axşam keçirilən sonuncu - doqquzuncu turda Azərbaycan komandasının Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşıb.
Ukrayna komandası ilə heç-heçə oynayan Azərbaycan şahmatçıları turniri 14 xalla başa vurublar.
Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb. Ancaq əlavə əmsallara görə, yekunda Azərbaycan yığması Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.
Səkkizinci mərhələdə Azərbaycan şahmatçıları Rusiya yığmasının üzvləri ilə qarşılaşmışdılar. Aleksandr Qrişuk Şəhriyar Məmmədyarova məğlub olmuşdu. Yan Nepomnyaşi Teymur Rəcəbova, Danil Dubov da Rauf Məmmədova uduzmuşdu. Yalnız Maksim Matlakov Arkadi Naydiçi məğlub etmişdi.