Hakim keçmiş deputatın oğlunun işinə gizli baxır

Qalib Salahzadə

Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Qalib Salahzadənin həbsdə olan oğlu Əlihüseyn Salahzadənin işinə baxılır. O, CM-nin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Salahzadə «Azərsu»nun əməkdaşı Elbəyi Mirzəliyevi döyməkdə təqsirləndirilir.

Keçmiş deputat oğlunun məhkəməsi hüquqi baxımdan açıq olsa da, faktiki qapalı keçirilir. İşə baxan hakim Şəlalə Həsənova keçmiş deputat oğlunun məhkəməsinə ailə üzvləri istisna olmaqla, başqa kimsəni, o cümlədən jurnalistləri buraxmır.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, noyabrın 8-də keçirilən məhkəmədə zərərçəkmiş E.Mirzəliyev keçmiş deputatın oğluna qarşı şikayətini geri götürmək istədiyini deyib. Bildirib ki, bu haqda məhkəməyə ərizə təqdim edəcək.

Ə.Salahzadənin vəkili Tofiq Aslanov isə hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin hökmü bəlli olana qədər onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.

Məhkəmə noyabrın 20-də davam etdiriləcək.

Ə.Salahzadə sentyabrın 13-də həbs olunub. İttihama görə, o, supulu ödənişi ilə əlaqədar evinin qapısına gələn «Azərsu»nun iki əməkdaşını təhqir edib, onlardan birini döyüb.

Q.Salahzadə isə oğluna qarşı bu ittihamı əsassız hesab edir. Keçmiş deputat oğlunun həbsinə görə baş prokuror Zakir Qaralovu günahlandırır. İddia edir ki, Qaralov vaxtilə torpaq məsələsinə görə aralarında yaranmış ədavətə görə ondan qisas alır.

Ə.Salahzadəyə ittiham verilmiş CM-nin 315.2 maddəsində 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Keçmiş deputatın sözlərinə görə, oğluna 5 il iş kəsiləcəyi haqda məlumatı var.

Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.