Cəbhəçilərin məhkəməsi başlanır

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və AXCP-nin üç funksioneri – partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəməsi başlayır. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Aqil Məhərrəmlinin vəkili Aqil Layıcov AzadlıqRadiosu-na bildirib ki, məhkəmənin hazırlıq iclası yanvarın 7-nə təyin olunub.

Məhkəmə qarşısına çıxarılan cəbhəçilərdən Qarabağ döyüşçüsü Babək Həsənlinin qardaşı Cavid Həsənli AzadlıqRadiosu-na deyib ki, onların ailə üzvlərilə görüşmək və telefon danışıqlarına qoyulan məhdudiyyət hələ də aradan qaldırılmayıb:

“Bu adamlar mayın 25-də həbs olunandan ailə üzvlərilə heç bir əlaqələri olmayıb. Əvvəl ilk üç ayı təkzib elədilər ki, yox, belə qadağa yoxdur. Biz məhkəməyə verdik. Avqustun 18-də məhkəmə keçirilən gün elə həmin tarixə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qərarını gətirdilər. Həmin qərarda yazılmışdı ki, istintaq sirrinin yayılma ehtimalı ilə əlaqədar qadağa qoyulur. İndi istintaq bitib, bütün tərəflər cinayət işinin materialları ilə tanış olub, iş artıq məhkəməyə gəlib, hələ də qadağa aradan qaldırılmayıb”.

Sabiq icra başçısı Saleh Rüstəmli DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mayın 8-də həbs olunub. Əvvəlcə ona narkotik ittihamı verilib. İki gün sonra – mayın 10-da qardaşı oğlu Vidadi Rüstəmli saxlanılıb və ona da eyni ittiham verilib. Mayın 25-də isə AXCP-nin üç funksioneri saxlanılıb və onlar haqqında cinayət işi Saleh Rüstəmligilin işinə birləşdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

İddia olunur ki, Saleh Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Saleh Rüstəmli və cəbhəçilər ittihamı rədd edirlər.

AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

AXCP sədri Əli Kərimli də bu cinayət işini “rəhbərlik etdiyi partiyaya qarşı illərdir davam edən repressiyaların davamı” adlandırıb. O bildirib ki, Saleh Rüstəmli uzun illərdir onun dostudur və bir neçə dəfə ona dost kimi yardım edib. Əli Kərimlinin sözlərinə görə, yardımın ümumi məbləği 5-6 min manatdan çox olmayıb.