Dağlıq Qarabağdakı Ermənistan hərbi birləşmələrinin keçmiş rəhbəri həbs edilib

Armenia -- Former Karabakh Army commander Samvel Babayan gives an interview to Azatutyun.am, Yerevan, 17Oct2016

Yerevan məhkəməsi Dağlıq Qarabağ rejiminin sabiq “müdafiə naziri” Samvel Babayanın 2 ay müddətinə həbsi barədə Milli Təhlükəsizlik Xidmətinin vəsatətini təmin edib.

S. Babayana qanunsuz silah, sursat, partlayıcı maddə və ya qurğu əldəetmə, saxlama, daşıma və satma, habelə qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq etmə maddələri üzrə ittiham irəli sürülüb.

Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə S.Babayanın vəkili məlumat verib.

“Ohanyan-Raffi-Oskanyan” blokunun tərəfdarı olan sabiq “müdafiə naziri” martın 22-də Gürcüstandan Ermənistana qanunsuz olaraq “İqla” zenit-raket kompleksi keçirməyə cəhd edərkən saxlanılmışdı. Eyni əməl üzrə daha iki şəxs tutulsa da, Samvel Babayan həmin şəxsləri tanımadığını, zenit-raket kompleksi qaçaqmalçılığı ilə də hər hansı əlaqəsinin olmadığını bildirir.

“Ohanyan-Raffi-Oskanyan” bloku Babayanın həbsini siyasi sifariş, bloka təzyiqlərin davamı kimi qiymətləndirib və onun azad edilməsi üçün mübarizə aparacağını bildirib.