ABŞ prezidentliyinə demokrat namizəd Bernie Sanders Rusiya və onun “quldur” lideri tərəfindən noyabr seçkisinə müdaxilə cəhdlərini kəskin tənqid atəşinə tutub.
Bundan əvvəl veriilən xəbərlərdə deyilirdi ki, Moskva onun kampaniyasına kömək etməyə çalışır.
Senator Sanders fevralın 21-də verdiyi bəyanatda deyib:
“Düzünü desəm, Putinin kimin prezident olmasını istəməsi mənim vecimə deyil. Mənim Putinə mesajım aydındır: Amerika seçkilərindən aralı dur və mən prezident kimi sənin bu çağırışa əməl etməyinə nail olacağam”.
Senator bildirib ki, onun Putinə münasibəti Trump-ın münasibətindən fərqlidir:
“Donald Trump-dan fərqli olaraq mən Vladimir Putini yaxşı bir dost hesab etmirəm. O demokratiyanı məhv etməyə və Rusiyada fərqli düşüncəni əzməyə çalışan quldur avtokratdır”.
Sanders bildirib ki, “ruslar bizi parçalamaqla Amerika demokratiyasını sarsıtmaq istəyirlər və mən hazırkı prezidentdən fərqli olaraq onların və ya bizim seçkimizə müdaxilə etmək istəyən hər hansı xarici dövlətin bu cəhdlərinə qarşıyam”.
Buna da bax: Xəbərdarlıq: Rusiya Trump-a kömək etməyə çalışır – Qərb mediası
The Washington Post qəzeti fevralın 21-də yazırdı ki, ABŞ rəsmiləri Sandersə Rusiyanın onun kampaniyasına kömək etmək istədiyini deyiblər.
Sanders hazırda demokrat namizədlər arasında liderdir.
Xəbərdə Rusiyanın nə şəkildə kömək edəcəyi bildirilmirdi.
Sanders öz bəyanatında ona Rusiyanın hərəkətləri barədə rəsmi məlumat verildiyini deməyib.
Bundan bir gün əvvəl ABŞ mediası ölkə kəşfiyyatına istinadən bildirirdi ki, Rusiya 2020-ci il seçkisində Trump-ın yenidən seçilməsi üçün prosesə müdaxilə edir.
Trump fevralın 21-də Twitter postunda bu xəbəri rədd edib və bildirib ki, bu, “demokrat Konqresin daha bir dezinformasiya kampaniyasıdır”.