Sankt Peterburqda repressiya qurbanlarının lövhələrini yığışdırırlar

Son Ünvan fəalları Maxaçqalada

Sankt Peterburq şəhərinin hakimiyyət orqanları Sovet repressiyaları qurbanlarının xatirə lövhələrinin küçələrdən yığışdırılmasına dair qərar qəbul edib. Şəhər hökumətinin qərarında deyilir ki, bu lövhələr “qanusuzdur” və “məqsədəuyğun deyil”.

Şəhər İnkişaf və Memarlıq Komitəsinin bu qərar barədə rəsmi məktubunu dekabrın 6-da Açıq Rusiya vətəndaş hərəkatının sədri Andrey Pivovarov özünün Facebook səhifəsində yerləşdirib.

Bu məktub millət vəkili Vitaly Milonovun köməkçisi Aleksandr Mokhnatkin-ə göndərilmişdi. Xatirə lövhələrinin “qanunsuz reklam” kimi yığışdırılmasını da bu millət vəkili təklif etmişdi.

Komitənin Milonova məktubunda deyilir ki, xatirə lövhələrinin qanunsuz elan edilməsi və küçələrdən götürülməsinə dair Peterburq şəhərinin rayon icra hakimiyyətlərinə təlimat verilib.

1930-cu illərdə Sovet diktatoru İosif Stalin tərəfindən həyata keçirilmiş Böyük Repressiya qurbanlarının xatirəsini əbədiləşdirən bu lövhələr Son Ünvan adlı layihənin fəalları tərəfindən yerləşdirilmişdi.

Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Çex Respublikasının şəhərlərində 800-dək belə lövhələr yerləşdirilib.