Prokurorluq Serj Sarkisyanın Baden-Baden səfərlərini araşdıracaq

Serj Sarkisyan

Ermənistanın Baş Prokurorluğuna keçmiş prezident Serj Sarkisyanın dövlət başçısı olduğu dövrdə onun Almaniyanın Baden-Baden kurortuna etdiyi çoxsaylı səfərlər barədə məlumat təqdim olunub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, prokurorluq bu səfərlərin məqsədi və səfərlər üçün dövlət vəsaitlərinin mümkün israf olunmasını araşdıracaq.

Bundan əvvəl “Məlumatlı vətəndaşlar birliyi” proqramının koordinatoru Daniel İonnisyan bildirmişdi ki, “Faktların yoxlanması platformasının” üçüncü prezidentin Baden-Baden səfərləri barədə təhqiqatının sənədlərini buna cinayət-hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edəcək.

İonnisyan bildirir ki, ictimai birlik Serj Sarkisyanın hərəkətlərinin Cinayət Məcəlləsinin mənimsəmə, israfçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə araşdırılmasını istəyir.

Baş Prokurorluqdan bildiriblər ki, bu barədə məlumat Xüsusi İstintaq Xidmətinə göndərilib və bu qurumda bu iş üzrə materiallar hazırlanır.

Bundan əvvəl Serj Sarkisyanın prezident olduğu 10 il ərzində Baden-Badenə 16 dəfə səfər etdiyi barədə iddialar səslənmişdi.

Ermənistan parlamentində hakim fraksiyanın deputatlarından biri isə iddia etmişdi ki, Sarkisyanın Baden-Badenə səfərlərinin əsas məqsədi oradakı kazinoya baş çəkmək və qumar oynamaq olub.

Sarkisyan bu iddiaları qətiyyətlə rədd edib və sözü gedən deputatı məhkəməyə verib.

Buna da bax: Araşdırma: ‘Sarkisyan prezidentliyi dövründə 16 dəfə Baden-Badendə olub’

Keçmiş müdafiə nazirinin istintaqı məxfidir?

Azatutyun bunu da xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyana qarşı cinayət işi üzrə məlumat verməkdən imtina edir.

MTX bildirib ki, bu cinayət işində ictimaiyyətə açıqlanması mümkün olmayan istintaq materialları var.

Ötən həftə MTX bildirmişdi ki, 2018-ci ildən 2020-ci ilədək müdafiə naziri vəzifəsində çalışmış Tonoyan, habelə ordunun təchizatçısı olmuş şirkətin direktoru David Qalstyan 4.7 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Tonoyan və Qalstyan özlərinə qarşı ittihamları rədd edirlər və həbsləri barədə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

Azatutyun yazır ki, onu Tonoyanın birbaşa rəisi olmuş Nikol Paşinyanın bu cinayət işi üzrə MTX-yə dəvət olunub-olunmaması maraqlandırırdı.

Azatutyun habelə bu cinayət işinin açılmasına səbəb olmuş yararsız raketlərin ordu üçün nə vaxt alındığı barədə sorğu vermişdi.

Buna da bax: Ermənistanın keçmiş müdafiə naziri saxlanıb

Paşinyanın ritorik cavabı

Oktyabrın 8-də keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasının deputatı Aram Vardevanyan yararsız raketlərin alınması prosesindən baş nazir Nikol Paşinyanın xəbəri olub-olmadığını soruşmuşdu.

Baş nazir bu suala cavab olaraq demişdi:

“Cinayət işi baş nazirin tabeçilyində olan orqan – Milli Təhlükəsizlik Xidməti tərəfindən qaldırılıb. Bütün beynəlxalq hesabatlarda qeyd olunur ki, belə işlər siyasi iradə olmadan açıla bilməz. Düşünürəm ki, siz sualınızın cavabını yaxşı bilirsiniz. Və indi sizin mənə bir müstəntiq kimi verdiyiniz sualın cavabını mənə tabeçiliyimdə olan orqan – MTX verir...”

MTX-nin məlumatında deyilirdi ki, istifadəyə yararsız raketlər 2011-ci ildə idxal olunub. Onların nə vaxt satın alındığı barədə məlumat verilmir.

MTX bunu da bildirib ki, bir müddət sonra bu raketlərin bir qismi balansdan silinib, qalanlarından isə 44 günlük müharibə də daxil, istifadə olunmayıb.

Azatutyun yazır ki, bu iş üzrə bir sıra başqa keçmiş və indiki vəzifəlilər də keçir, lakin MTX onların adlarını açıqlamır.

MTX sentyabrın 2-də yalnız bunu xəbər verib ki, silahlı qüvvələr baş qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan həbs olunub.