AXCP: ‘Sarvan Cumayev 30 sutka alıb’ 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sarvan Cumayevin də inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, Sarvan Cumayev iyulun 28-də məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 30 sutka müddətinə həbs olunub (Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimi elan edilib) .

AXCP onun iyulun 26-da saxlandığını açıqlamışdı.

Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, son iki həftə ərzində partiyanın ümumilikdə 38 üzvü saxlanıb. Onlardan 16 nəfəri haqqında cinayət işi başlanıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15-ə yaxın cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir.

Saxlananlardan bəzisinin də buraxıldığı açıqlanıb.

Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı əsasən Cinayət Məcəlləsinin (CM) 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanlardan ikisinə əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verilib.

Xatırlatma

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub.

Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar.Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını bildirməyiblər.

AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.